Aprel ayının 9-u şəhid Mikayıl Vahabzadənin şəhadətə qovuşduğu anım günüdür.
Unudulmaz şəhidimizin müqəddəs məzarı anadan olduğu Maçaxı kəndindədir. Bu məzar ehtiram əlaməti olaraq aramsız ziyarət olunur. İdarə və müəssisə kollektivləri, ayrı-ayrı məktəblərin müəllim və şagirdləri bu məzarın güllərini solmağa qoymurlar.
2016-cı ildə Aprel döyüşlərində şəhid olan Mikayıl Vahabzadənin son 3 ildəki ildönümləri rayonumuzun şəhid valideynləri tərəfindən də yad olunmaqdadır.
Anım mərasimində İsmayıllı RİH-nin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də şəhidin ailə üzvləri və kənd sakinləri iştirak edib. Şəhidin məzarı ziyarət olunaraq, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək, qəhrəman döyüşçülərimizin yağı düşmənlə savaşda göstərdiyi qəhrəmanlıqlardan söz açıb, şəhidlərimizin şərəfli döyüş yolundan danışıblar.
Mikayıl Vahabzadə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Onun qısa, lakin tarixlər boyu davam edəcək ömür yolu haqqında “Qoşa ruhlar” sənədli filminin çəkilməsi də diqqətə çatdırılıb. Çıxışların hər biri şəhidlərin unudulmayacağı fikri ilə tamamlanıb.
Allah şəhidlərimizə rəhmət eləsin.
Təranə Məmmədova

