Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir. Heydər Əliyev
Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da elm və təhsilin maddi-texniki bazası, eləcə də kadr potensialı əsasən XX əsrdə formalaşmışdı. Son illərdə isə iqtisadiyyatımız, elmimiz, təhsilimiz, mədəniyyətimiz daha geniş inteqrasiya proseslərinə cəlb olunub. Həyata keçirilən tədbirlər sayəsində həm infrastruktur yenilənir, həm də kadr potensialı müasir dünyanın çağırışlarına uyğun tərzdə formalaşdırılır. Müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, bacarıq, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Ona görə də Prezident cənab İlham Əliyev mövcud intellektual potensialın zənginləşdirilməsini, elm və təhsil ocaqlarımızın iqtisadi islahatlarla həmahəng inkişaf etdirilməsi məsələsini öz çıxışlarında dönə-dönə aktuallaşdırır. Aparılan köklü islahatlar ölkənin müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemlərində, eləcə də özəl sektorda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin, səhiyyənin və başqa sahələrin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin edir. Bu prosesin ən mühüm amili olan kadr potensialının formalaşdırılması missiyasını isə Azərbaycan təhsili yerinə yetirir. Ona görə də Prezident milli təhsil sistemimizin ölkənin ümumi inkişafı tələblərinə uyğunlaşdırılmasını, ən müasir çağırışlara hazır olmasını əsas tapşırıq və istiqamət kimi irəli sürür.
Son illər Azərbaycanda təhsilin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində çox böyük, diqqət çəkən işlər görülüb. 3500-dən çox məktəb tikilib. Yaxud əsaslı təmir edilib. Ali məktəblər üçün yeni binalar, tədris kampusları inşa olunub. Beynəlxalq təcrübəyə əsaslanan yeni ali məktəblər yaradılıb. Hazırda ən reytinqli xarici ali təhsil müəssisələrinin Azərbaycanda filialları açılıb. Ölkə təhsilinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri çox böyükdür. Heydər Əliyev Fondunun yarandığı gündən aparıcı bir fəaliyyət sahəsi var: bu, təhsil və geniş mənada sosial tərbiyə məsələləridir. Həmin məsələlər, əslində, xalqımızın xoş gələcəyini yaratmağın əsas istiqamətləridir. Bu gün hər bir dövlətin, hər bir cəmiyyətin bundan önəmli hədəfi yoxdur. Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə uzun illərdir ki, Heydər Əliyev Fondu Ulu Öndərin təməlini qoyduğu və Azərbaycan Prezidentinin əzmlə davam etdirdiyi təhsil islahatlarına miqyası görünməyən, nadir dəyərli töhfələr verir. İlk növbədə təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi, dünya təhsili ilə əlaqələrinin yaradılması prosesinə daima diqqət yetirir.
Ölkədə aparılan təhsil siyasəti prosesi göstərir ki, bu sahədə infrastrukturun müasirləşdirilməsi hələ işin yarısıdır. Təhsildə keyfiyyətin təmin olunması üçün də paralel tədbirlərin görülməsi vacibdir. Azərbaycan Prezidenti təhsildə keyfiyyət amilini şərtləndirən əsas məsələlərdən biri kimi məhz müəllimlərin peşəkarlığını önə çəkir. Həqiqətən, təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından keçir. Biliyi şagirdə, tələbəyə əxz etdirən, ötürən, gəncləri insan, vətəndaş, peşəkar kimi yetişdirən məhz müəllimlərdir. Bəzən bir peşəkar müəllim aid olduğu icmada çox böyük dəyişikliklər yarada bilir. Buna görə də biz bu gün müəllim hazırlığına milli dəyərlərimizin, milli həyat gücümüzün yenidən yaradılması məsələsi kimi baxmalıyıq. Çünki müəllimlər təhsildən, onun islahatlarından gözlədiklərimizin canlı yaradıcısı, canlı daşıyıcısı, kamil, hərtərəfli insan yetişdirilməsini təmin edən zəngin bir mənbə olmalıdır. Çünki əsl müəllimsiz əsl müəllim yetişə bilməz!
İnnovativ islahatların, informasiya texnologiyalarının vasitəsilə bu gün təhsilimizin inkişafında bilikli, bacarıqlı, vətəndaş qeyrətli müəllimlərimizin inkaredilməz fədakar rolunu görürük və qəlbimizdə onlara minnətdarlıq duyğuları yaranır. Övladlarımızın parlaq gələcəyini yaradan müəllimlərimizin nüfuzu, hörməti qədirbilən xalqımızın və dövlətimizin nəzərində daha da ucalır. Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi inkişaf layihələri peşəkar müəllimlərimizin sayını artırır. Eyni zamanda cəmiyyətdə müəllim nüfuzunu yüksəldir. Bu, belə də olmalıdır. Müəllimə verilən dəyər, hörmət istənilən cəmiyyət üçün müstəsna dərəcədə əhəmiyyətlidir. O cəmiyyət irəli gedir ki, öz müəllimlərinin qədrini bilir.
Mən sizləri şagirdlərində təhsilə, elmə maraq yaratmaqda, cəmiyyət üçün layiqli vətəndaşlar yetişdirməkdə öz dəsti-xətti olan bir müəllimlə tanış etmək istəyirəm. O müəllim ki, Azərbaycan xalqının tarixi keçmişini və bu gününü şagirdlərinə sevərək və sevdirərək öyrədir. Bu məktəbimizin tarix müəllimi Fatma Vəliyevadır.
Vəliyeva Fatma Qərib qızı- 1985-ci ildə İsmayıllı şəhərində anadan olmuş, 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 2006-cı il tarixindən etibarən İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbində işləyir. Elə ilk günlərdən tədris etdiyi tarix fənnini dərindən bilməsi, şagirdlərə tələbkar və humanist münasibəti, innovativ təlim metodlarından səmərəli istifadə etməsi ilə seçilir.
Fatma müəllim ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər aidiyyati qurumlar tərəfindən təşkil edilən təlimlərdə yaxından iştirak edərək müvafiq sertifikatlar əldə etmişdir. Belə ki, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təşkil etdiyi “Gələcək üçün Təhsil”, Mədəd Azərbaycan təşkilatının təşkil etdiyi “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi kursu”, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkil etdiyi “Ümumi orta təhsil səviyyəsində fənn kurrikulumlarının tətbiqi”, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin “MS TEAMS təlim / Virtual mühitdə dərslərin səmərəli təşkili” üzrə təlimlərində və sair təlim, seminar, kurslarda yaxından iştirak etmişdir. O, “eTwinning Plus” beynəlxalq layihəsində şagirdlərlə birgə iştirak edərək Milli Keyfiyyət nişanına layiq görülmüşdür.
Məktəb “Kiçik Akademiya”sının tarix bölməsinə rəhbərlik etməklə bu fənnə marağı olan şagirdləri kiçik tədqiqatların aparılmasına, ölkəmizin tarixi keçmişinin dərindən öyrənilməsinə cəlb etməklə biliklərininin daha da dərinləşməsinə nail olmuşdur. Ali məktəblərə qəbul imtahanlarında məktəbin məzunları tarix fənni üzrə yüksək nəticələr göstərmişlər. Fatma Vəliyeva məktəbdə tarix və coğrafiya fənn metodbirləşməsinin rəhbəri kimi bu fənlərin təlim keyfiyyətinin yüksəldilməsi sahəsində uğurlu nəticələr qazanmışdır. Məhz bunun nəticəsidir ki, Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə Fatma müəllimənin şagirdlərindən Ləman Mikayılova 2019-2020-ci dərs ilində III yeri tutaraq bürünc, 2021-2022-ci dərs ilində Ziya Muradlı II yeri tutaraq gümüş, 2022-2023-cü dərs ilində isə daha böyük nailiyyət: Sona Bəkirova I yeri tutaraq qızıl, Ziya Muradlı II yeri tutaraq gümüş, Mədinə Əliyeva isə III yeri tutaraq bürünc medal qazanmışlar. Ümumiyyətlə, son 4 ildə məktəbin 7 nəfər şagirdi RFO-da tarix fənni üzrə finala çıxmış, onlardan 5 nəfəri qalib olaraq-1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmışlar.
Fatma müəllim 2021-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “ Fəxri Fərmanı” ilə təltif olunmuşdur. Müxtəlif illərdə Dağlıq Şirvan Regional Təhsil İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi və məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Təhsildə əldə etdiyi nəticələrə görə Fatma Vəliyeva Azərbaycan Müəllimlərinin XVI qurultayına Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə nümayəndə seçilmişdir.
2022-2023-cü tədris ilində RFO-da Fatma Vəliyevanın şagirdlərinin qazandığı 3 medal və coğrafiya fənni üzrə qazanılmış 1 qızıl medal sayəsində məktəbimiz ölkənin ən qabaqcıl 10 məktəbi sırasına çıxmışdır. Çox sevindirici haldır ki, bu nailiyyət məhz “Heydər Əliyev İli”nə təsadüf etdi. Bu uğur məktəbimizin müəllim və şagirdləri adından Ulu Öndər Heydər Əliyevin 100 illiyinə layiqli hədiyyəmiz oldu. Qazanılan uğurlar Fatma müəllimlə birgə bütün müəllimlərimizdə peşəkarlığın, şagirdlərimizdə isə qələbə əzminin daha da artmasına səbəb oldu. Biz inanırıq ki, Fatma müəllimin nailiyyətləri bununla bitməyəcək. Bu tədris ilində də şagirdləri ilə birgə yeni uğurlara imza atacaqdır.
Fərqanə Yəhyayeva,
İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin psixoloqu