Qızılca insanlar arasında yayılan çox yüksək yoluxuculuğa malik xəstəlikdir. Bu xəstəliyin törədicisi Morbillivirus nəslinə aid paramiksvirusudur. İnfeksiya insandan insana hava-damcı yolu ilə ötürülür.

Qızılca xəstəsinin asqırma, öskürmə və tənəffüs zamanı ifraz etdiyi damcılarla ətrafa yayılan virus qapalı məkanda və səthlərdə 2 saata qədər aktivliyini saxlayır. Virus ətraf mühitdə müxtəlif amillərin təsirindən tez məhv olur.

Qızılca xəstəliyinin inkubasiya dövrü (xəstə insanla təmasdan ilk simptomların əmələ gəlməsinə qədər) adətən, 10-14 gün təşkil edir. İlk simptomlar öskürək, hərarətin yüksəlməsi, halsızlıq, konyunktvit və  zökəmdən ibarətdir. Bəzən inkubasiya dövrü cəmi 7 gün davam edir və çox nadir hallarda 23 günə qədər uzanır.

Karantin və təmasda olanların izlənməsi üçün  bu müddət adətən, təmasdan sonrakı 7-21 gün hesab olunur. Prodromal dövrün (ilk simptomların əmələ  gəlməsi) başlanmasından sonra 2-4 gün ərzində qızılca səpgiləri meydana çıxır. Xəstə bu səpgilərin əmələ gəlməsindən əvvəlki və sonrakı 4 günə qədər yoluxdurucu hesab olunur. Bu müddət ərzində tənəffüs yollarında virusun  konsentrasiyası ən yüksək həddə çatır.

Qızılcaya xas olan makulopapulyoz səpgi adətən yüksək hərarətlə (39,0-40,50C) müşayiət olunur. Bu səpgilərdən əvvəl və ya eyni zamanda ağız  boşluğunun selikli qişasında Koplik ləkələrlə (ağımtıl ləkələr) müşahidə olunur.Bu ləkələr qızılcanın patoqnomonik simptomu sayılır. Xəstəliyin yüngül formasında səpkinin əmələ gəlməsindən sonrakı 3-cü gün xəstənin vəziyyəti yaxşılaşmağa başlayır  və 7-10 gündən sonra tam sağalma baş verir.

Profilaktik peyvəndlər təqviminə əsasən bütün uşaqlar 1 və 6 yaşlarında olmaqla 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Peyvəndin 1-ci dozasını vaxtında  almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.

Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşına qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər  uşaqlar minimum 4 həftə  intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

Qızılca alovlanması zamanı yüksək risk altında olan və həssas əhali qrupları ilk növbədə  immunizasiyaya cəlb olunmalıdır.

Qızılcaya şübhəli xəstə dərhal  müayinələr aparılan müddətdə ayrıca otaqda təcrid olunmalıdır.

Qızılcaya yoluxmuş xəstə, səpginin başlanmasından 4-cü gününə qədər ən yüksək yoluxduruculuq qabiliyyətinə malikdir, xəstəliyin 28-ci gününə qədər  isə virus yükü tədricən azalır və tam sıfıra enir. İmmuniteti zəif olan və yanaşı xəstəlikləri olan qızılca xəstələri daha üçün müddət virus ifraz edə bildikləri üçün bütün xəstəlik müddəti boyunca hava-damcı yolu ilə yoluxdurmaya qarşı profilaktik  qaydalara əməl etməlidirlər.

Qızılca virusunun ərtaf mühitdə və qapalı məkanlarda cəmi 2 saata qədər yoluxduruculuq qabliyyətini saxlanılmasını nəzərə alaraq qapalı məkanın  dezinfeksiyası, təmizlənməsi və havalandırılması  vacibdir.

Uşaqlarınızı və ətraf mühiti yoluxucu xəstəliklərdən qorumaq üçün vaksinasiya mütləqdir.

X.Qəmbərov,

İsmayıl rayon GEM-nin direktoru                

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir