Adilə Nəzər
Qələm dostum, şairə xanım Adilə Nəzər üçün
Allahım, nə olar, vaxt tap, arabir,
Salginən aqilə, adilə nəzər.
Məni unutmusan, axtar, ara bir,
Mənə yük olubdur ad ilə, nəzər.
Öndə çay, deyirlər, bu arxı adda,
Görən nə sehir var məndəki adda?
Tapmır qiymətini verilən ad da,
Qoyma ucuzlana, adilənə zər.
Biri dən üyüdür, vermir şahadı,
Birinin ümidi yalnız şahadı.
Mənə qoyulan ad sanki şah adı,
Taparam qoyulmuş ad ilə nə zər?
Hərə öz önünə eşməkdə odu,
Əgər “ı” yoxdursa, “a” elə “o”du.
Bu sadə təcnisə səbəbkar odu,
Yaşasın, var olsun Adilə Nəzər!
Şükür, Dağlaroğlu, nadandır az ər,
Oğul var Baycandır, oğul var Azər.
Ən varlı zər sözün etməkçün azər,
Gərək əlifbadan “a” dilənə zər.
Şahməmməd Dağlaroğlu
Görürəm
Düzü, açığını deyim dünyada,
İstəmirəm qara geyim dünyada.
Qara geyinəndə göyüm dünyada,
Dağılır, uçulur yerlər, görürəm.
Toz-torpaq içində yağış göllənir,
Arx suyu “qudurub”, daşıb sellənib.
Qorxudan şitillər yerində sınır,
Əsəndə naqəfil yellər görürəm.
Bir uca dağların vecinə deyil,
Tükü tərpənməyir bir saniyə bil.
Vüqarla, təmkinlə baxır göyə bil,
Coşsa da qoynunda sellər görürəm.
Dünya qəribədi, göylər möcüzə,
Hər şimşək çaxanda görünür təzə.
Demirsən “Nuhdan”dır çaxır bu bizə,
Gizlənib altında sirlər görürəm.
Mövlud, təbiətin min qanunu var,
Bir anda neçə cür çönür ruzigar.
Xəzan yaya dönür, qış olur bahar,
Dəyişir donunu çöllər görürəm!
Mövlud Teymur
Hardasan
Həmyerlim Qəhrəman Eloğlunun “Buludsuz leysan” kitabının təqdimatı üçün
Bir əlində tişəsi, bir əlində qələmi,
Belə zəngin dünyayla nə düşünür bu insan?
Yaratdığı heykəldə, sözdə elin sevgisi,
Bu sevgiylə yaşamaq, yaratmaq deyil asan.
Tişənin döymə səsi, qələmin xışıltısı,
Biri döyünən ürək, biri qəlb işartısı.
Bir könüldən süzülən çeşmələr şırıltısı,
Alıb aparır səni, elə bil ki, ordasan.
Düşürsən saf sehrinə söhbətin də, sözün də,
Təmənnasız sevgi var bu insanın özündə.
Əgər inanmasan sən, yoxlayarsan özün də,
Canını fəda edər, bilsə əgər dardasan.
Dinlədik biz elə bil sətirlərdə səsini,
“Buludsuz leysan” yağmış kövrək xatirəsini.
Elə dərin salıb ki, ürəklərdə izini,
Yeri varmı soruşmaq, ey Qəhrəman, hardasan?
Füzuli Zərnavalı
Göyçəm mənim
Həsrətinlə doldum yaşa,
Yaz ömrümü verdim qışa.
Sən qəlbimdə yarla qoşa,
Göyçəm mənim!
Susuzlarçün bulaq idin,
Gecələri çıraq idin.
Canda ətlə dırnaq idin,
Göyçəm mənim.
Nəfəsində ana ətri,
Hər gülü bir şeir sətri.
Ağacların Haqqın çətri,
Göyçəm mənim.
Dilimdə bir adsan indi,
Kipriyimdə odsan indi.
Elə bilmə yadsan indi,
Göyçəm mənim.
Düşündükcə içdən, dərin,
Yada düşür gözəllərin
Ana yurdu Ələsgərin,
Göyçəm mənim.
Əhvalından ver bir soraq,
Ümidlənək, rahat olaq.
Gələcəyik, əldə bayraq,
Göyçəm mənim!
Nizami Göyçəli
Kim verdi görən…
Ay məni yandırıb üstümdən keçən,
Alovumdan keçən, istimdən keçən,
Uçub səmalara, tüstümdən keçən,
Sənə o qanadı kim verdi görən?
Bütün ucaların ucası Allah,
Cavanı, yaşlısı, qocası Allah,
Qəlbimin ən iri parçası – Allah,
Sənə o qanadı kim verdi görən?
Hara boylanırsan, orada şeytan,
İndi ağ da şeytan, qara da şeytan,
Çatdımı görəsən murada şeytan?
Sənə o qanadı kim verdi görən?
Mənimlə hər ötən günün gün idi,
Bütün yuxuların onda çin idi,
Enə bilirsənsə, qayıt, en indi,
Sənə o qanadı kim verdi görən?
Cəbrayıl Hüseyn
***
Caynağını, əlini sinə üstdən çəkmədi,
Sandı yaxşılıq etdi, pisliyə qol çəkmədi.
Demədi, danışmadı, astarsız qalanından,
Üzü olmayan adam üz adını çəkmədi.
Biri əlvan göründü, biri qaradan qara,
Oxşamadı çox libas, hər libasa çəkmədi.
Rahat yaşayan təki rahat olmadı hamı,
Cəfa çəkənlər kimi hər kəs cəfa çəkmədi.
Qoydu tərəziyə ki, ağır gələni çəksin,
Qədərdən az olanı, yüngülüsə çəkmədi.
Deyir ki, ayağımı sıxır, çıxır ayaqdan,
Demir qaloş mənimdi, çəkmə həmin çəkmədi.
Kimsə bekarçılıqdan saçlarıyla oynadı,
Kimsə də macal tapıb başa daraq çəkmədi.
Tapşırılan, deyilən rəsmə xələl gətirib,
Çeşnini də nainsaf çeşni kimi çəkmədi.
Çarəsizlikdən sözə, vədə bel bağlansa da,
İl çəkdi vədin ömrü, ay, nə də gün çəkmədi.
Ah, nalələyə tuş gələn, zalimin dediyindən:
– Ahı çəkən boş yerə, əbəs yerə çəkmədi.
Tale, qismət sarıdan baş daşlı olduğundan,
Fələk başa qapazı yüz çəkdi, bir çəkmədi.
Elə etdi ki, düzü seçilmədi yalandan,
Gözlənildi xətt çəkə, səhv üstündən çəkmədi.
Tamam, sağ günündə də, ölüm yatağında da,
Çəkən var dərdi çəkdi, yox dərdini çəkmədi.
Tamam Nur Tağlabiyanlı
20 dekabr 2023-cü il