Azərbaycanın Ümummilli lideri dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş ulu öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və ümummilli lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçilik məktəbi-müstəqilliyimizi qorumaq, vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.
Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Ulu öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir.
Azərbaycan tarixinin önəmli bir dövrü XX əsrin ikinci yarsı – XI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Heydər Əliyev 1969-cu ildə keçmiş Azərbaycan SSR-nin rəhbəri kimi fəaliyyətə başlayanda respublikamızın vəziyyəti heç də ürəkaçan deyildi. Azərbaycan keçmiş Sovet İttifaqı tərkibində geridə qalan respublikalardan biri idi. Məsul vəzifələrdə çoxlu sayda qeyri-millətlərin nümayəndələri çalışırdı. Ana dilimiz sıxışdırıldı. Belə bir şəraitdə respublika rəhbəri təyin olunan Heydər Əliyev vaxt itirmədən Azərbaycanın hərtərəfli inkişafı üçün genişmiqyaslı işlərə başladı. Şəxsi təşəbbüsləri və qətiyyəti sayəsində respublikada çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayrılmasına nail oldu. Qısa bir vaxtda Azərbaycan durğunluqdan, iqtisadi tənəzzüldən qurtularaq inkişaf etmiş sənayeyə malik qabaqcıl Sovet respublikalarından birinə çevrildi. Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrün ən böyük nəticələri ondan ibarətdir ki, respublikamızda sənayeləşmə siyasəti uğurla həyata keçirilərək, güclü iqtisadi potensial yaradıldı.
1969-1982-ci illər ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahəsi tikilib istifadəyə verildi. Həmin dövürdə on mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onları əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mənsub olduğu millətin dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdı. Bu mövzuda söhbət düşəndə deyirdi ki, dil də, tarix də, mədəniyyət də millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən silmək üçün onun dilini, dinini, tarixini, eləcə də mədəniyyətini əlindən almaq kifayətdir. O, SSRİ kimi böyük bir imperiyanın tərkibində olan Azərbaycanın 1978-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdur ki, bu da Heydər Əliyevin dilinə, dininə və milli dəyərinə bağlılığının parlaq təzahürüdür.
Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bugünki tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev 20 illik prezidentlik fəaliyyəti ilə təsdiqlədi. 2003-cü ildən 20 il ərzində isə Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşayır. Son illər aparılan uğurlu siyasətin nəticəsidir ki, ərazi bütövlüyümüz bərpa olunub, tarixi torpaqlarımız geri qaytarılıb.
Ulu öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyini qorunub möhkəmləndirilməsində demokratik hüquqi dövlət qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir. Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, müstəqil Azərbaycan var. Ulu öndər daim qəlblərdə yaşayacaq, xatirəsi ehtiramla anılacaqdır.
Lütviyyə Səftərova,
İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Tarix-Diyarşünaslıq” dərnəyinin rəhbəri