Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunub.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra dövlət quruculuğu, siyasi, iqtisadi və sosial sahələrdə aparılan islahatlar və vüsət alan inkişaf narkomanlığa qarşı mübarizədə cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizənin aparılmasını da zəruri edib. Bununla əlaqədar dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların və cəmiyyət üzvlərinin bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verib.

Qeyd olunmalıdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə müvəffəqiyyətlə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin yüksək elmi təfəkkürünün, müdrikliyinin, uzaqgörənliyinin, yenilməz iradəsinin və gərgin fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdəti nəticəsində ildən ilə daha da qüdrətlənən dövlətimiz narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bugün də uğurlu mübarizə aparır. Bu mübarizədə Azərbaycan Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007–2012-ci illər üçün Dövlət Proqramı”nın, 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsinin əvəzsiz rolu olub. Xüsusi vurğulanmalıdır ki, ölkəmizdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı tədbirlərin icrası məqsədilə hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Qeyd edilməlidir ki, 2005-ci ildə qəbul olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə”, eləcə də “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahılarının təsdiq edilməsi haqqında qanunlar sözügedən məsələlərlə əlaqədar dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini daha dəqiq müəyyənləşdirməklə, bununla əlaqədar mövcud ictimai münasibətlərin hüquqi tənzimlənmə mexanizminin səmərəliliyini artırıb və beləliklə əvvəlki dövrlərdə təcrübədə yaranmış problemlər birdəfəlik həllini tapıb.

Narkotik asılılıq dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə sırf tibbi problemdən sosial problemə çevrilib. Problemin həllinə xidmət edən mühüm addımlardan biri hər zaman qeyd edildiyi kimi, preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məqsəd yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. Zənnimcə, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Təbii ki, əsas məqamlardan biri valideynlərin düzgün həyat tərzi keçirməklə övlada örnək olmasıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın müstəsna rolu vardır. Bununla bərabər, valideynlə övlad arasında qarşılıqlı inamın olması da vacib şərtdir. Təcrübədə yeniyetmələrin və gənclərin pis vərdişlərə və təhlükəli işlərə daha çox meylli olmalarını nəzərə alaraq hesab edirəm ki, narkomaniyanın qarşısını almağın digər əlverişli yolu təhsil müəssisələrində, xüsusən də məktəblərdə geniş maarifləndirmə işinin aparılmasıdır. Belə ki, elm ocaqlarında azyaşlılar, yeniyetmələr və gənclər arasında narkomaniyanın profilaktikası mütləq və aydın başa düşüləcək tərzdə həyata keçirilməli, görülən tədbirlər onlar tərəfindən çox ciddi qəbul olunmalı və onlarda narkotiklərdən uzaq durma mövqeyinin formalaşdırılması ilə nəticələnməlidir. Narkomaniyaya qarşı profilaktika sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Uğurlu profilaktika mühazirələr söylənilməsi, müsahibə aparılması sair yollarla mümkündür.

Hərbi Prokurorluq orqanlarının fəaliyyəti də aidiyyəti dövlət qurumları ilə birlikdə səmərəli işgüzar əlaqələr yaratmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığının təmin edilməsinə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, cinayətkarlığa, eləcə də digər qanunazidd əməllərə, o cümlədən sözügedən ümumbəşəri problemə qarşı mübarizəyə yönəlib.

Hesab edirəm ki, bu bəla ilə mübarizədə vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. Sağlam düşüncəli insanlar dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcı olmaqla təkcə hər hansı bir fərd üçün deyil, eyni zamanda, bütün cəmiyyət üçün böyük təhlükədir.

Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.

Asim Musayev,

Zaqatala Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir