Tarix yazan şəxsiyyəti tarix, zaman özü yetişdirir. Hansı dövrdə, hansı ictimai-siyasi məsələlərin, quruluşun yaranmasında qarşıya çıxan çətinliklərindən, ağrı-acısından aslı olmayaraq xalqın, dövlətin mənafeyini hər şeydən, hətta varlığından üstün tutan yaradıcı, böyük insan…
Şərq səmasında parlayan bir ulduz, öz dühası ilə dünyanı heyrətə gətirən insan…
Azərbaycanın nicatı – Heydər Əliyev və xalq birliyi simvolu olan bir insan…
Keçən yüzilliyin 60-cı illərində SSRİ məkanında Kommunist Partiyasının təkbaşına rəhbərliyi, millətlərin ümumi inkişafını öz istədiyi çərçivədə saxlayaraq nəzarət edirdi. Azərbaycan SSR xalqının müqəddəratını öz bildiyi kimi həll edən SSRİ-nin sərt rejimi dövründə sakit, sanki sükunət vəziyyətində yaşayırdı.
Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçiləndən sonra respublikada vəziyyət dəyişdi. Xalqın və dövlətin hərtərəfli dinamik yüksəlişini təmin edə biləcək kompleks inkişaf proqramları hazırladı və dərhal onların icrasına başladı.
Heydər Əliyev bacarığına inanan, nüfuzunu dəyərləndirən “Mərkəz” bu layihələrin təsdiqlənməsindən imtina edə bilmədi. Heydər Əliyev Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən xüsusi qərarlar qəbul etməsinə nail olur və həyata keçirilməsini təmin edirdi. Sənaye və kənd təssərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Azərbaycan iqtisadiyyatında mühüm struktur dəyişikliklər həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. İstehsalatla bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqi nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan SSR-də qabaqcıl mövqeyə çıxdı. Heydər Əliyev özünə xas olan cəsarət və qətiyyətlə sərt sovet mühitində xalqın milli-mənəvi dəyərlərinin özünə qaytarılmasına, milli ruhun yüksəldilməsinə mümkün olan bütün imkanlardan maksimum dərəcədə məharətlə bəhrələnməsinə nail oldu.
1978-ci ildə Azərbaycan dilinin dövlət dili olaraq Azərbaycan SSR Konstitusiyasında rəsmiləşdirilməsi böyük nailiyyət idi. 1970-ci ildə artıq Azərbaycan qabaqcıl respublika səviyyəsinə ucalmışdı. Nefti və sonralar Rəşid Behbudov kimi dünyəvi sənətkarı ilə tanınan Azərbaycan artıq digər nailiyyətlərini də sərgiləyə bilirdi.
SSRİ-nin süqutundan sonra Azərbaycanın vəziyyəti getdikcə pisləşdi. Ölkədə xaos, özbaşınalıq, anarxiya, talançılıq, hakimiyyət hərisliyi, iqtisadi, sosial, hərbi böhran kəskinləşirdi. Azərbaycan sürətlə fəlakətə gedirdi…
1993-cü ilin ortalarında Azərbaycan bir dövlət kimi yox olmaq, dünya xəritəsindn silinmək dərəcəsinə çatdı. Vətəndaş müharibəsi başlandı. Mövcud rəhbərlik “Nə etmək?”, ”Necə etmək?” sualları qarşısında aciz qalmışdı. Müxəlif siyasi qüvvələr arasında hakimiyyət çəkişmələri silahlı qüvvələrin torpaqlarımızın erməni təcavüzündən qorunmasına deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Artıq bıçaq sümüyə dirəndi, xalq ayağa qalxdı. Dövlətin, dövlətçiliyin varlığı üçün Heydər Əliyev kimi yüksək idarəçilik qabiliyyətinə, dövlətçilik təcrübəsinə, siyasi bacarığa, geniş dünyagörüşünə və zəruri qabiliyyətə malik bir şəxsiyyətin xalqa rəhbərlik etməsinə ehtiyac var idi. Belə çıxılmaz vəziyyətdən Azərbaycanı Heydər Əliyev xilas edə bilərdi.
1993-cü il iyunun 9-da xalqın təkidi ilə Heydər Əliyev Bakıya gəldi, tarixi günlər başladı. Xalqın lideri Azərbaycan Respublikasının pezidenti seçildi. Ulu öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi və ən əsası xalqa arxalanmağı Azərbaycanı böyük bəladan qurtardı. Heydər Əliyev xalqın dəstəyi ilə “Gəncə hadisələri”ni, təşkil olunmuş “Lənkəran qiyamı”nı, 1995-ci ildə Bakıda dövlət çevrilişinin qarşısını ala bildi.
Yenidən qurulan Azərbaycan qısa müddətdə dünya birliyinin layiqli üzvlərindən birinə çevrildi. Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi çox əhəmiyyətli idi. Təcavüzkar erməni silahlı qüvvələrinin qarşısını almaq üçün 1994-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllində ilkin mərhələ, cəbhə xəttində atəşkəs elan edildi və Heydər Əliyev vaxt qazanaraq hərbi dövlət qurmağa başladı.
Azərbaycanın nefti dünya bazarına çıxarıldı. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri Heydər Əliyevin uzaqgörənliyi və siyasi iradəsinin rəmzidir.
CUAM birliyinin yaradılmasında və böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin müstəsna xidməti olmuşdur.
Ümummilli liderimizi əbədiləşdirən ömür yolunu düşünərək belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Dövlətimizə, xalqımıza, bayrağımıza, milli-mənəvi dəyərlərimizə sədaqətini hər zaman ifadə edən Heydər Əliyev öz millətinə xidmət etməyi hər şeydən üstün tutmuşdur. Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsərinin danılmaz faktıdır. 2016-cı ildə Aprel döyüşlərində qazanılan tarixi qələbələrimizi və 2020-ci ildəki torpaqlarımızın işğaldan tam azad edilməsinin, dünyaya meydan oxuyan bu böyük Zəfərimizi, ordu quruculuğuna Heydər Əliyev strategiyasının uğurlu davamı kimi baxırıq. Azərbaycanın bu qələbəsi məhz Heydər Əliyev siyasi kursunun təntənəsidir. Dövlətimizin bütün zəfərləri və eləcə də “Azərbaycan” adı birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.
Vətəni canı qədər sevən Heydər Əliyev S.Vurğunun “Azərbaycan” şeirini deyərkən kövrəlirdi.
2003-cü ildə Azərbaycanın böyük siyası və dövlət xadimi xəstələnir, Klivlend şəhərində (ABŞ) müalicə olunduğu zaman dekabrın 12-də vəfat edir. İlk sözü, son sozü “Azərbaycan!” olan Heydər Əliyev oğlu müstəqil Azərbaycanın prezidenti İlham Əliyevə vəsiyyət etmişdir: “Qarabağı, Şuşanı, işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edərsən”. Heydər Əliyevin əziz xatirələrini, müdrik kəlamlarını böyük qürur və sonsuz sevgi ilə anırıq, sevə-sevə yad edərək fəxr edirik.
Heydər baba
Qaranlıq gecədə yanan mayakdır,
Onun sevgisi vətənimə dayaqdır,
Vətənimdə dalğalanan bayraqdır,
Kimdir o?! – Heydər baba!
Döyüşlərdə hər çalınan zəfərdir,
Günəşin bir ziyasıdır, şəfəqdir,
Yolumuza açılan bir səhərdir,
Kimdir o ?! – Heydər baba!
Yaşayır xalq ilə, hər ürəkdədir,
Min bir arzularda, xoş diləkdədir,
Vətənə sevgisi hər çiçəkdədir,
Kimdir o?! – Heydər baba!
“El bilir ki, sən mənimsən!” söyləyən,
Hər sözünə, hər misraya kövrələn,
Öz dilinə ürəyini tən bölən,
Kimdir o?! – Heydər baba!
Baxışları bir cənnətdir, Gülüstan,
Şərqin səmasında parlayan bir dan,
İlk sözü, son sözü, can Azərbaycan!
Kimdir o?! – Heydər baba!
Heydər Əliyev siyasəti uğurla davam edir. Prezidentimiz İlham Əliyev cənabları Ulu öndərin siyasətinin davamçısı olaraq, ölkəmizi daha uca, yeni zirvələrə yüksəldir. Vaxti ilə əlçatmaz görünən, xəyallarda qurula biləcək bir sıra transmilli enerji və nəqliyyat layihələri uğurla reallaşdırılıb. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanaraq beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da gücləndirir. Ən əsası Ulu öndərin ən böyük arzusu – Torpaqlarımızın işğaldan azad olunması missiyasını cənab Prezident İlham Əliyev layiqincə yerinə yetimiş və yetirməkdədir. Azərbaycan xalqı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək vətənimizi daha da gülüstana çevirəcək.
Surə Cəbrayılova (Ziyadqızı),
Talıstan kənd tam orta məktəbinin ibtidai sinif müəllimi, şair-publisist, “Qızıl Qələm” media mükafatçısı