Bir yerdə qərar tutmur ruhum, darmadağınam.

Bu xaraba könlümdə heç bayquş da ulamır.

Döyülməkdən göyərən anamın dizlərini

İndi mələklər öpür, göz yaşları sulamır.

Daha bizim hasardan yadlar boylanıb baxmır,

Çırpılmır taxta qapı daş hasarın üzünə.

Daha ay işığında qıvrım saçlı qızcığaz

Burnunu çəkəçəkə məktub yazmır özünə.

Daha nə o həyət var, nə o səs-küy, nə nənəm…

Babam bəhanə gəzmir Toplanı döymək üçün.

Atasının aldığı qırmızı donu geyib

Fırlanmır qonşu qızı özünü öymək üçün.

Öldü o qızcığazın balaca Məstanı da,

Ən böyük arzusu da, ən kiçik inamı da…

Öldü ay işığında burnunu çəkəçəkə,

Yazdığı məktubların çatacaq ünvanı da.

Turac Hilal

Deyəcək

Haraylama, könül, məgər

Gənclik dönüb, – gəl, – deyəcək?

Bu saralan çölə, düzə

Nəğməmi bülbül deyəcək?

Mala, pula salıb tamah,

Nə faydası çəksəm də ah.

Eh, fələk də bugün, sabah:

Yaşamısan, gəl, – deyəcək.

Ömür ötür aram-aram,

Hər gün gözdən düşür adam.

Yaşamadım, yaşamıram,

Kim bu kola gül deyəcək?

Tək havadı pulsuz olan,

Ud doyunca, yaşa, dolan,

Dünya haqsız, dünya yalan,

Getsəm, məgər, – qal, – deyəcək?

Hər dərdin var oxşamı da,

Ömrün sabah, axşamı da,

Pisimi də, yaxşımı da,

Kim tanıyır, bil, deyəcək.

Nazir, düşmə ruhdan belə,

Dünya gəlib Nuhdan belə.

Nə çıxar ah-uhdan belə,

Kimliyini, el deyəcək.

Nazir Ziya Talıstanlı

Ortaya

Biri “quş” buraxsa, düşər gündəmə,

Çəkən yox doğrunu, düzü ortaya.

Fərqi nə, götürər, götürməz demə,

Bəs edər, atıram sözü ortaya.

Dilin sümüyü yox, ağlın açarı,

Təkrar sanca bilmir bal çəkən arı.

Hərə eşmək istər özünə sarı,

Qış günü tökəndə közü ortaya.

Getsə, söz gətirər, sözə gedənlər,

Ruhları incidər ruhsuz bədənlər.

Varlı süfrəsini ləziz edənlər,

Qoyarlar çörəyi, duzu ortaya.

Var-dövlət hərisi axtarmaqda bab,

Hamı yazan olub, oxunmur kitab.

Bir vaxt lülə, tikə bişərdi kabab,

İndi bütöv gəlir quzu ortaya.

Kimin ürəyincə bu xahiş, kimin?

Usta iş axtarır, olub iş kimin?

Baxan yox toy kimin, sifariş kimin,

Girir bir havaya yüzü ortaya.

Can qoysan, deyilmir “sağ ol” da daha,

Can da yox qoyasan bu yolda daha.

Nə sağda bir şey var, nə solda daha,

Durmuşam səssizcə, üzü ortaya.

Şahməmməd Dağlaroğlu

Üstünə

Sıxıb həsrət sinəsinə,

Düşüb sevgim qar üstünə.

Göndərmişəm ayrılığı,

Öz əlimlə yar üstünə.

Ömür yolum eniş-yoxuş,

Tökür bulud, yağır yağış,

Sən məni hicrandan soruş,

Kəs yolunu, var üstünə.

Qəlbim kösöv, ürəyim dağ,

Saralmışam yarpaq-yarpaq,

Bu tufanda qalarmı sağ?

Düşüb şaxta bar üstünə.

Allah verir qədər, hökm,

Qarışqa da çəkir yükün,

Yarın, bu qəlbimi sökün,

Atın dərd-qubar üstünə.

Gözüm üstə çatılıb qaş,

Əzib məni, keçib o daş,

Nə dost qalıb, nə də sirdaş,

Qonub bülbül xar üstünə.

Gizlin-gizlin mələr quzum,

Sönüb daha bəxt ulduzum,

Dərdlərimi düzüm-düzüm,

Yığmışam divar üstünə.

Azım azdı, çoxum çoxdu,

Olanıma gözüm toxdu,

Məni bu ayrılıq yıxdı,

Çiləndim köz, qor üstünə!

Murad Məhərrəm

Qurtarar

Nə vaxt dönəcəksən, mənə söylə bir,

Etmisən sən məni, yerlə, göylə bir.

Doldurub badəni, içsəm meylə bir,

Axıb, damarımdan qanım qurtarar.

Daha o ümiddən, gümandan ötüb,

Ox çıxıb yayından, kamandan ötüb.

Bu gündən, bu aydan, zamandan ötüb,

Saniyəm qurtarar, anım qurtarar.

Özüm öz başıma qəza-qədərəm,

Azı sevincəmsə, çoxu kədərəm.

Eşqinlə dünyadan, köçüb gedərəm,

Sənin həsrətindən, canım qurtarar!..

Sənin həsrətindən, canım qurtarar!..

Cəbrayıl Hüseyn

Azərbaycan elisən

Canlı tarix yaratdın,

Əməlinlə, işinlə.

Ellər fəxr elədi,

Böyük yüksəlişinlə.

Cığır açdın, yol açdın,

Gələn nəsillər üçün.

Min gözəllik bəxş etdin,

Obalar, ellər üçün.

Hər sahədə tərəqqi,

Hər sahədə inkişaf.

Ömür güldü, açıldı,

Ürəyimiz oldu şad.

Böyük loğman xidmətin,

Canlara dərman oldu,

Bütün müsəlmanlara

Pir oldun, iman oldun.

Sən həzrəti – Əlinin

Oğlu – Heydər Əlisən.

Hamıya doğma olan –

Azərbaycan elisən!

Mövlud Teymur

Qoşabulaq həsrəti

Artıq əriməyə başladı qarlar,

Çaylar sığışmadı sahillərinə.

Baharla birlikdə köçəri quşlar,

Mənim Vətənimə qayıtdı yenə.

Doğma kəndimizə gəldi qaranquş,

Dilində nəğmələr, qəlbində həvəs.

Qondu damımıza, qondu sevinclə,

Onun gəlişini duymadı heç kəs.

O geniş eyvan da yox idi artıq,

Dağılmış, uçmuşdu yurdu, yuvası.

Sonuncu gül kolu solmuş həyətdə,

Solmuşdu baharın zərrin şüası.

Əsir kəndimizdən uçdu qaranquş,

Uçdu, qanad çalıb qəmlə, kədərlə.

Deyirlər, ağlaya-ağlaya o quş,

Özünə bir yuva axtarır hələ.

Mən də həsrətdəyəm, mən də qəmliyəm,

Canım alovlanır, könlüm darıxır.

Nə qədər torpağın, nə qədər yerin,

Həsrətin məni də yandırıb-yaxır.

Bahar bizsiz gəlir, hələ bir az döz,

Qayıdar əvvəlki o şadlıq, bayram.

Sən uçmuş yuvanı tikməkdən ötrü,

Mən uçuq evimi tikib, quraram.

A Qoşabulağım, a doğma kəndim,

Hüsnünü bəzəyə şanlı bayrağım!

O zaman yetişə, o gün gələ ki,

Göyçə torpağına dəyə ayağım!

Nizami Nadirov – Göyçəli

***

Layiq oldum, olmadım, diksin nəzər, göz mənə,

Eşitdirsin tərifi, yazsın şeir, söz mənə.

Olum qarşımdakına götür-qoy tələbində,

Dözə bilməyəndəsə, deyim tablaş, döz mənə.

Fəqirin, füqaranın haqlarına göz yumum,

Olmasın kimsələrin turşutması üz mənə.

Görmədim görməlini, deyim ki, eşitmədim,

Bir yox, deyilsə də söz əlli kərə, yüz mənə.

Qalmayım dam altının, evin sərinliyindən,

Versin necə var elə, istiliyi köz mənə.

Düzənləyib işimi, elə cürə qurum ki,

Doğmalaşsın yalanla, yad görünsün düz mənə.

Etdiyim səhv əmələ, işə cavab olaraq,

Həddindən çox olmayıb, olan olsun az mənə.

Atam, babam qoyduğu cığır ilə getməyim,

Düşünüm ki, yaraşmır yaxşı cığır, iz mənə.

Elə aparacam ki, özümü deməmisən; –

Tamam, dediyini de, yazdığını yaz mənə.

Tamam Nur Tağlabiyanlı

Bağışla, ana

Şəhidin anaya məktubu

Dünən otağıma gəlmişdim, ana.

Nə yaman bər-bəzək vurmusan ona.

Dörd divar içində tənha oturub

Yenə ağlayırdın hey yana-yana.

Nəmli yanaqların buz bağlamışdı,

Bağışla, ay ana, öpə bilmədim.

Əlimdə gülüm yox, özüm gəlmişdim.

Özümü könlünə səpə bilmədim.

Səni təsəllilər ovuda bilmir,

Çətindir mənsizlik, bilirəm, ana.

Ümidlə, sevgiylə yaşa gizlicə,

Hər gecə yanına gəlirəm, ana.

Yox, mənim yanıma tələsmə hələ.

Sən məni həyatda yaşadanımsan.

Sənsiz mən ölərəm xatirələrdə,

Sən mənim əbədi adım, sanımsam.

Sən mənim ömrümün ötən bülbülü,

Dolan səmalarda hey başım üstə.

Hər gün təzə nəğmə yaradıb qayıt,

Oxu mənim üçün, oxu ahəstə.

Nazilə Səfərova

Oxu bülbül

Başını sinəmə, qoy, oxu, bülbül,

Qəlbimə bir nəğmə hör, toxu, bülbül,

Sən oxu, dinləsin, qoy çoxu, bülbül,

Sülhün dayağını sancdıq Şuşaya.

İndi azad olub Ağdam, Laçın da,

Dağlarda qartallar, göydə laçın da,

Gecə də, gündüz də, səhər açanda,

Sülhün dayağını sancdıq Şuşaya.

Oxu, ürəyimin başında dur sən,

Bülbül, bu dünyanın tuşunda dur sən,

Qon gülə, çiçəyin qaşında dur sən,

Sülhün dayağını sancdıq Şuşaya.

Şəhid anaların dərdindən oxu,

Sülh sevər xalqımın mərdindən oxu,

Paşamın əyilməz qəddindən oxu,

Sülhün dayağını sancdıq Şuşaya.

Oxu, qoy şəhidlər səsini duysun,

O yatmış ürəklər oyansın, vursun,

Şəhid anaları ayağa dursun,

Sülhün dayağını sancdıq Şuşaya.

Oxu, ürəklərin mehinə qarış,

Qon gülün, çiçəyin şehinə qarış,

Qarış, bu dünyanın sehrinə qarış,

Sülhün dayağını sancdıq Şuşaya!

Rüstəm Məbudoğlu

Ölməzlər

Poemadan bir parça

Otuz illik həsrəti 44 günə yox etdin,

Vətən səni səslədi, səsə, haraya getdin.

Qorxmadın mərmilərdən, qandan, hətta ölümdən,

Getdin, qurtarmaq üçün ana yurdu zülümdən.

Gözünün qarşısında şəhid oldu silahdaş,

Alıb onu çiyninə döyüşməyə başladın.

Keçirmədin həyəcan, bilmədin qorxu, təlaş,

Bayraq edib göylərə qaldırdın əsgər adın.

Ey oğul, halal olsun sənə ananın südü,

Atanın çörəyində qüvvət, qüdrət var imiş.

Dar gündə dayağındın babaların öyüdü,

Bilirsən ki, zəfərlə bitəcək bu şanlı iş.

Dolub səbir kasası, dözməyə vaxt yox daha,

Sarılmışıq silaha, yolumuz önə anca.

Qələbəylə, ümidlə çıxacayıq sabaha,

Günəş Yer kürəsinə Qarabağdan doğacaq.

Geri alındı Şuşa, bu, ən yüksək zəfərdir,

Gözün aydın, yüz yaşa, ey Ali Baş Komandan!

Şuşa şəhərlər içrə ən ali, baş şəhərdir,

Onun yolunda neçə oğul əl çəkdi candan.

Kişi, oğul borcudur ana yurdu qorumaq,

Biz qana-qan almışıq, yurda sahib çıxmışıq.

Yaman susayıb qana rəzil erməni, alçaq,

Qovub iti qovantək, yuvasına sıxmışıq.

Tomrisin nəvələri Babəkik, Cavanşirik,

Ölməyən oğullarıq, əbədi Mübarizik.

Düşmən yaxşı bilir, biz məğlubedilməz şirik,

Biz ana torpaq üstə əbədi qalan izik.

Anılacaq adımız min illər ötsə belə,

Qoyulacaq adımız neçə-neçə oğula.

Vətən qəddi əyilməz oğullar sağdır hələ,

Yada torpaq verilməz bütün aləm yığıla.

Şərqiyyə Balacanlı

Təbiət aşiqiyəm

Təbiət ruhumdur əzəldən bəri,

Sevirəm al-əlvan bəyaz gülləri.

Min ilham alıram hər bir çiçəkdən,

Təbiəti sevdim lap çox, ürəkdən.

Ruhumu oxşayır çöllərdə sünbül,

Budağda oxuyan nəğməli bülbül.

İstərəm narın- narın yağsın yağış,

Göy qurşağı çəksin hər yana naxış.

Yurda qonaq gəlsin durna, qaranquş,

Ürəklər açılıb könül olsun xoş.

Sevirəm qartalın qıyya səsini,

Ayna bulaqların zümzüməsini.

Gözəldir – gül çiçək bəzəsin düzü,

Gülsün insanların fərəhlə üzü.

Qız-gəlin fərəhlə çələng toxusun,

Səs- səsə verərək quşlar oxusun.

İstərəm sevənlər verə əl-ələ,

Toy sədası düşə obaya, elə.

Gözəldir hər şeydən şirin məhəbbət,

Bu elə, bu yurda gələ səadət.

Gözəldir açıla lalə, bənövşə,

İllər fərəh ilə ötə həmişə.

Gəlməyə heç yerdən top-tüfəng səsi,

Coşa hər yetənin həyat həvəsi.

Qışın gözəlliyi hələ bir yana,

Yay sevinc gətirə hər bir insana.

Sevənlər ürəkdən gülə, şadlana.

Məhəbbət görəsən, baxsan hayana.

Payız da gözəldir, ağ dondadır qış,

Duyanlar eləyir Tanrıya alqış.

İlin hər fəsili gözəldir, vallah,

Gözəllik bəxş edib cahana Allah.

Xuraman Baxış

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir