Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu 8 Noyabr – Zəfər Günü münasibəti ilə ölkəmizdə fəaliyyət göstərən islam və qeyri-islam din xadimləri arasında “Haqqın zəfəri“ adlı müsabiqə keçirib. Müsabiqədə Quşencə kənd məscidi, dini icmasının sədri, imam Hacı İdris İbrahimov İsmayıllını təmsil edib.
Ulu öndər Heydər Əliyevə, Ali baş Komandan cənab İlham Əliyevə, Vətən müharibəsi şəhidlərinə, qazilərə həsr olunan şeir və bədii yazıları nəzərdən keçirən münsiflər heyəti həmyerlimizin “Cənab Prezident” şeirini də mükafata layiq bilib. Müəllifi təbrik edir, həmin şeiri oxucularımızın diqqətinə çatdırırıq:
“İsmayıllı xəbərləri”
Cənab Prezident
Məğrurluq yer alıb nurlu üzündə,
Var xalqın ümidi hər bir sözündə.
Ucaldın göylərə xalqın gözündə,
Qazandın dəyəri, cənab Prezident!
Dəmir yumruğunu işə salmısan,
Xocalı qisasın artıq almısan.
Düşmən üzərində zəfər çalmısan,
Verdin şad xəbəri, cənab Prezident!
Ruhu çox şad oldu Ulu öndərin,
Amalı bəllidir güclü rəhbərin.
Saleh əməllərdə yoxdur bənzərin,
Var Allah nəzəri, cənab Prezident!
Gələcək nəsillər bilsinlər gərək,
Şəhidlər ölməyib, yaşayır demək.
Hər yada düşdükdə kövrəlir ürək,
Çəkirik kədəri, cənab Prezident!
“Qarabağ bizimdir” – verdik belə söz,
Torpaqlar alındı şərtsiz, şübhəsiz
Azad bir ölkədə qürur ilə biz
Yaşadıq zəfəri, cənab Prezident!