İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi maarifləndirmə işlərinə böyük önəm verir. Müntəzəm olaraq müxtəlif mövzularda söhbət və təlimlər keçirir. Erkən nikahların bir çox fəsadlara yol açdığını nəzərə alan Mərkəz bununla bağlı daha çox iş aparır. Yerli qəzetdə yazı dərc edilmiş, plakat hazırlanaraq rayonun önəmli yerlərindən asılmış, idarə, müəssisə və məktəblərə paylanmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin erkən nikahın fəsadları və cəzaları ilə bağlı ailələrə ünvanladığı məktub da çoxaldılaraq indiyədək minə yaxın ailəyə göndərilmişdir.
Bu günlərdə isə Mərkəzin işçiləri Sumağallı kənd məktəbində və bağçada söhbətlər aparmışlar. Məktəbdə erkən nikahla bağlı keçirilən tədbirdə yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişlər. Mərkəzin metodisti Gülnar Mikayılova erkən nikahın tibbi və sosial fəsadlarından danışmış, belə hallara yol verilərsə, ilk öncə valideynlərin nə kimi cəzaya məruz qala biləcəklərini diqqətə çatdırmışdır.
Kənddəki uşaq bağçasında işləyənlər və burada tərbiyə alan uşaqların valideynləri ilə bağçada da eyni məzmunlu söhbət aparılmışdır.
Hər iki tədbirin yekununda iştirakçılara AQUPDK-nin valideynlərə ünvanlanmış məktubu paylanmış, “Erkən nikaha “yox” deyək” plakatı məktəbdə və bağçada diqqət çəkən yerdən asılmışdır.
Həmin gün Mərkəzin metodisti Ruziyyə Çələbiyeva Sumağallı kənd bağçasında “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirmişdir. İlk öncə uşaqlarla birlikdə “Kim sevirsə idmanı” mahnısı ilə idman etdirilmişdir. Sağlam qidalanmaq və dişlərə qulluq ilə bağlı geniş söhbət aparılmış, slaydlar göstərilmişdir. Uşaqlara dişlərə qulluq etmək üçün diş məcunu, diş sapı və fırça hədiyyə olaraq paylanmışdır.
Sonda bu gəlişdən, xoş keçən görüşdən xatirə olaraq uşaqlarla şəkillər çəkdirildi.
Lalə Kəbirova,
Mərkəzin könüllüsü