Əzəldən düşübdü adı dillərə,
Əcəb yaraşıqdı bizim ellərə.
Bənzər ağacları incəbellərə,
Ruzi-bərəkətdir qızıləhmədi.

Alyanaq gözələ meydan oxuyur,
Dibində gözəllər hörük toxuyur.
Şirindi, bal kimi ətir qoxuyur,
Təbib-təbabətdi qızıləhmədi.

Başqa bir aləmdi ətiri, tamı,
Hüsnü, gözəlliyi çəkir adamı.
Qırmızı mey dolu məhəbbət camı,
Nazdı, nəzakətdi qızıləhmədi.

Toyda xonçasına qoyular bəyin,
Sən olsan dərdini çəkərik nəyin?
Görəndə fəxr edin, maşallah deyin,
Yurduma şöhrətdi qızıləhmədi.

Əbədi ünvanı – Talıstan, Mican,
Buynuzdu, Topçudu, Diyallı, Cülyan.
Təzəkənd, Ağbulaq bir də ki, Tircan,
Adınla cənnətdi, qızıləhmədi.

Xoşdu seyrə dalmaq barlı bağları,
Sözlə vəsf eləmək qarlı dağları.
Öndədi yurdumun gözəl çağları,
Eldə fəxarətdi qızıləhmədi.

Bu yerdə zirvələr il boyu qardır,
Vətən oğullarçün bir iftixardır.
Yurdun xoş günündə qış da bahardı.
Dillərdə söhbətdi qızıləhmədi.

Gəlin ağac əkək, böyüdək bağı,
Çağıraq bu yerə dostu, qonağı.
Uzaq ölkələrdən gələ sorağı,
Torpağa ziynətdi qızıləhmədi.

Yaxşı əməllərdən olmayaq kənar,
Bu yurda göstərək vəfa, etibar.
Sonda deyiləsi bircə sözüm var –
Əvəzsiz nemətdi qızıləhmədi.
Rafiq Mehdiyev

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir