İsmayıllıda ailəvi istirahət üçün yeni məkan

İsmayıllı şəhərində yeni ailəvi istirahət və qidalanma məkanı – İSMA Ailəvi Restoranı fəaliyyətə başlayıb. Yeni müəssisənin açılış mərasimində şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri və sahibkarlar iştirak ediblər. İSMA Ailəvi Restoranının yaradılması şəhərin xidmət və ictimai iaşə sahəsinə yeni imkanlar gətirməklə yanaşı, rayon sakinləri və İsmayıllıya gələn qonaqlar üçün ailəvi istirahət məkanlarının sayının artmasına xidmət edir.

Restoranın fəaliyyətə başlaması ilə 15 yeni iş yeri yaradılıb. Müəssisədə 44 nəfərlik ailə zalı, 75 nəfərlik əsas zal və 16 nəfərlik VIP kabinet fəaliyyət göstərir. Uşaqların asudə vaxtının səmərəli və əyləncəli təşkili üçün xüsusi əyləncə zonası da yaradılıb. Menyuda milli mətbəx nümunələri ilə yanaşı, dönər və digər fast-food çeşidləri təqdim olunur. Müştərilərin rahatlığı nəzərə alınaraq İsmayıllı şəhəri daxilində çatdırılma xidməti də təşkil edilib.

İSMA Ailəvi Restoranının fəaliyyətə başlaması yerli məşğulluğun artırılması və xidmət sektorunun genişləndirilməsi baxımından da əhəmiyyətlidir. İsmayıllının turizm imkanlarının ilbəil genişləndiyi bir vaxtda belə yeni təşəbbüslərin şəhərin qonaqpərvərlik və xidmət mühitinə öz töhfəsini verəcəyinə inanır, yeni müəssisəyə fəaliyyətində uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir