Uşaq hüquqları ilə bağlı icma görüşü

 

 

17 sentyabr 2026-cı il tarixində Diyallı kənd tam orta məktəbində kənd ziyalılarının iştirakı ilə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanunu mövzusunda icma görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ülviyyə Zeynalova iştirakçıları salamlayaraq mövzunun cəmiyyət üçün əhəmiyyətindən danışıb. O, uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz və sağlam mühitdə böyüməsi, eləcə də bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Mərkəzin sosial-pedaqoqu Xatirə Bağırova “Uşaq hüquqları haqqında” yeni Qanun, onun əsas məqsədləri və uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı əsas müddəalar barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, qanunvericilikdə uşağın üstün mənafeyinin qorunması əsas prinsiplərdən biri kimi müəyyənləşdirilir və uşaqların hüquq və mənafelərinin təmin olunmasına yeni yanaşmalar nəzərdə tutulur.

Diyallı kənd tam orta məktəbinin direktoru Gözəl Nəbili çıxışında uşaqların hüquqlarının qorunmasında məktəbin və pedaqoji kollektivin üzərinə düşən vəzifələrdən bəhs edib. Şagirdlərin təhlükəsiz, sağlam və əlverişli təhsil mühitində inkişafının təmin edilməsinin vacibliyini vurğulayan məktəb rəhbəri bu istiqamətdə ailə, məktəb və cəmiyyət arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Diyallı kənd icra nümayəndəliyinin baş məsləhətçisi Habil Həsənov, şəhid anası Nəzakət Şəfaqətova və kənd ağsaqqalları da çıxış edərək uşaqların düzgün tərbiyəsində ailə, məktəb və cəmiyyətin birgə məsuliyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, uşaqların hüquqları barədə məlumatlılığın artırılması və onların hüquqlarının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin kəndlərdə də davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və uşaqların hüquqlarının qorunması ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.

Xatirə Bağırova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir