Basqalda inklüziv sənətkarlıq yarmarkası

 

İsmayıllı “DOST Evi”nin təşkilatçılığı ilə Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialının təşkil etdiyi yarmarka İsmayıllı Rayon İcra Hakimiyyəti, Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi və Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun dəstəyi ilə baş tutub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimaiyyət təmsilçiləri, yerli və xarici turistlər iştirak ediblər.

Yarmarkanın əsas məqsədi İsmayıllı “DOST Evi”ndə hazırlanan əl işlərini daha geniş auditoriyaya tanıtmaq və satışını təşkil etməklə həssas təbəqədən olan müəlliflərin əməyini stimullaşdırmaq, onların iqtisadi fəallığını artırmaq və əmək bazarına inteqrasiyasına dəstək göstərməkdir.

Sərgidə bədii oyma, vitraj, misgərlik, dərzilik, xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq istiqamətləri üzrə hazırlanmış 50-yə yaxın əl işi nümayiş etdirilib. Sənət nümunələrinin satışı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin elektron satış platforması – dostart.az vasitəsilə həyata keçirilib.

Yarmarka iştirakçıları İsmayıllı “DOST Evi”nin təlimçilərinin köməyi ilə müxtəlif əl işlərinin hazırlanması prosesi ilə də yaxından tanış olublar. Yerli və xarici qonaqlara filialın fəaliyyət istiqamətləri, inklüzivliyin təşviqi sahəsində həyata keçirilən işlər barədə məlumat verilib.

Basqalın qədim sənətkarlıq ənənələrinin yaşadıldığı tarixi mühitdə keçirilən yarmarka həm əl işlərinin nümayişi və satışına, həm də inklüziv yaradıcılığın daha geniş auditoriyaya tanıdılmasına xidmət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir