Zəhmət dolu illərin sonu

 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı olan İsrayıl Həsənov adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər səmərəli əmək fəaliyyəti ilə seçilən texniki işçi Rəfiqə Xanəhmədovanın 65 illik yubileyi və çalışmanın son yaş həddinə çatması münasibətilə tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəb rəhbərliyi və kollektiv üzvləri iştirak ediblər. Çıxışlarda Rəfiqə Xanəhmədovanın uzun illər ərzində məktəbdə vicdanla və məsuliyyətlə çalışdığı, işinə səliqə ilə yanaşdığı, təhsil müəssisəsinin təmizliyi və sanitariya-gigiyena qaydalarına daim diqqət yetirdiyi vurğulanıb. Onun səmimiyyəti, mehribanlığı və kollektiv üzvləri ilə xoş münasibəti də xüsusi qeyd olunaraq, bu keyfiyyətlərinin həmkarlarının yaddaşında həmişə xoş xatirələrlə qalacağı bildirilib.

Kövrək və səmimi duyğularla keçən görüşdə Rəfiqə Xanəhmədova ona göstərilən diqqət və ehtirama görə məktəb rəhbərliyinə, Rayon Təhsil Sektoruna və həmkarlar təşkilatına minnətdarlığını bildirib. Tədbir iştirakçıları onun təhsil müəssisəsində uzun illər davam edən zəhmətinin kollektiv üçün dəyərli nümunə olduğunu qeyd ediblər.

Uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərməsi və 65 illik yubileyi münasibətilə Rəfiqə Xanəhmədova ETİHİ İsmayıllı Rayon Komitəsinin Fəxri fərmanı və qiymətli hədiyyəsi ilə təltif olunub.

Təhsil ictimaiyyəti adından Rəfiqə Xanəhmədovanı yubileyi və əmək fəaliyyətini başa vurması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və qarşıdakı illərdə xoş, rahat istirahət arzulayırıq.

“İsmayıllı xəbərləri”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir