“Dağ çiçəkləri”

 

Üç söz…

 

Mənə dərdlərimin çəkisi bəlli,

Kiməsə deməklə azalan deyil.

Tutdum dost əlini bərk, ikiəlli,

Ondan mənə qalan başağrı, niskil.

 

Üzümə güləni sonda anladım,

İnandım yetənin hər yalanına.

Nə xeyri, özümü söydüm, danladım,

Göz dikdim səbrimin dönüş anına.

 

Qırdı ümidimi güvəndiyim kəs,

Gülüş gətirmədi gələn sabahım.

Zirvəyə çıxmağa olsa da həvəs,

Çəkdi ayağımdan tanış əl, ahım.

 

Sağımı, solumu tutub dönüklər,

Ən əziz adama qalmayıb inam.

Yolumun üstündə qəlbi sönüklər,

Boş yerə əriyir yandırdığım şam.

 

Dünyanın sonumu? Hər şey baş-ayaq,

Məhəbbət yerinə artmaqdadır kin.

Deyirdim: Düzələr… Sonunda ancaq,

Üç söz var – təəssüf, amma və lakin!

Şahməmməd Dağlaroğlu

 

Deyəsən, payız gəlir

 

Bir az küskün gördüm mən təbiəti,

Xallanır könlümtək lap yavaş-yavaş.

Budaqlar üstündən yarpaq ömrümüz,

Saralıb tökülür torpağa birbaş.

Deyəsən, payız gəlir!

 

Mürgülər qəlbimdə sapsarı həsrət,

Payız xəzanının qanadı altda.

Sevgilər yaşayır hər vaxt, hər zaman,

Yaşıl ümidlərin inadı altda.

Deyəsən, payız gəlir!

 

O çinar qolların açıb göylərə,

Dilində duası hər sabah, axşam.

Al günəş altında səhra qumutək,

Alışıb bax belə alovlanmışam.

Deyəsən, payız gəlir!

 

Dağların üstündən ötür buludlar,

Yaşıl libasını soyunur meşə.

Baharda sevincim çox idi, vallah,

Soldu əllərimdə, heyif, bənövşə!

Deyəsən, payız gəlir!

 

Haçandan başlayıb həyatla davam,

Bir bahar çağında, yoxsa payızda?

Taleyim üzümə gülməyib heç vaxt,

Donub əl-ayağım qırovda, buzda!

Deyəsən, payız gəlir!

 

Qoy yağsın payızın gur yağışları,

Məni ovsunlayan səbrimin üstə.

Siz allah, bir payız çiçəyi verin,

Qoyum əllərimlə dərdimin üstə.

Deyəsən, payız gəlir!

Murad Məhərrəm

 

Cavabdehəm mən

 

Bilmirəm tamam mən,yoxsa ki kəsir,

Hissimə, duyğuma, olmuşam əsir,

Ruhum çiçəklərin üstündə gəzir,

Bahar günlərində sanki mehəm mən.

 

Sınıb, çiliklənib, qəlpələnmişəm,

Coşub, dalğalanıb, ləpələnmişəm,

Dönüb damcılara, səpələnmişəm,

Ləçəklər üstünə düşən şehəm mən.

 

Min ildir torpaqda göyərən tağam,

Hələ də yaşılam – hələ də sağam,

Gəldiyim ünvana qayıdacağam,

Özümdən özumə çatan behəm mən.

 

Sinəsi nəğməli Tanrı quluyam,

Haqqın dərgahında haqqın yoluyam,

Arxamca bir rəhmət aparmalıyam,

Bir şair ömrünə cavabdehəm mən!…

Cəbrayıl Hüseyn

 

Ehtiyacım var

 

Bir çay kənarında, gözlərim yaşlı,

Çay mənim gözümün suyunu içir.

O qədər qorxuncdur bu çayın səsi,

Əyirəm başımı üstümdən keçir.

 

Hərdən yan-yörəmə dəyir gur sular,

Yuyur ürəyimin torpaqlarını.

Hərdən də boynumdan aşırıb gedir,

Bu nəhəng, vəhşi çay “ayaqlarını”.

 

Mən çay kənarında göz yaşlarımı,

Tökürəm sulara oturub yalqız.

Bilmirəm bəlkə də, hardasa bu gün,

Darıxıb ağlayır məni sevən qız.

 

Bilirsiz, nə qədər ehtiyacım var,

Ana qayğısına, yar sığalına?

Yolur ürəyimi bu dəli sular,

Nə yar dada yetir, nə doğma ana!

Rüstəm Məbudoğlu

 

İsmayıllıdır

 

Dağların başında bir el var – qədim,

Könüllər oxşayan zərim, zinətim.

Çay kimi çağlayan sözüm, söhbətim,

Ruhumun qəzəli İsmayıllıdır.

 

Dağların başında yayda var qarı,

Bürünür çiçəyə buz bulaqları.

Unutmaz heç zaman əhdi, ilqarı,

Bax, meyli, məzəli İsmayıllıdır.

 

Nərgizin yanağı tülə bənzəyir,

Çaylaqda daşları lələ bənzəyir.

Şəlalə bir dəli selə bənzəyir,

Gözəllər gözəli İsmayıllıdır.

 

Yalçın qayaları qartal yuvası,

Dərmandır hər kəsə suyu, havası.

Bu Zəri qızının həzin laylası,

Eşqinin əzəli İsmayıllıdır.

Zərifə Zərri

 

Görürəm

 

Millət azır yolunu, qarışıqtəhər görürəm,

Çoxalır fitnə, fasad hər tərəfi şər görürəm.

 

Haqqın səsi boğulur, susur vicdan, susur insan,

Dünyada söz çoxalır amma az hünər görürəm.

 

Haqqı qorumaq çətin, çünki təmiz öz yolu var,

Şeytanın hiyləsinə baş əyən bəşər görürəm .

 

Çox işdən narazıdır əməli saleh adamlar,

Üzdən xoş görünsə də, gözündə qəhər görürəm.

 

Sənə yaxın kəslərdən hər zaman özünü qoru,

Gülər üzlə aldadır, xəlvətdə zəhər görürəm.

 

Nəfsə qurban olanlar itiribdir mənliyini,

Ağıl var, mərhəmətlə barışmayan sər* görürəm.

 

Eloğlu, bu dünyanın dərdi zaman dərdi deyil,

Vicdan itir dünyada aşikar zərər görürəm.

*sər- baş.

Qəhrəman Eloğlu

 

***

Biz olmağı çox istədim,

İstədikcə çabaladım.

Yaraladım ürəyimi.

Hamı gördü sən görmədin,

Paraladım ürəyimi.

 

Arzuları yığdım çin-çin,

Səssiz-səssiz qurdum xəyal.

Ruhum incik düşdü elə.

Sevinc küsdü addım-addım.

Uzaqlaşdı gülə-gülə.

 

Bir döyünən qəlb istədim.

Böyütməyə məhəbbəti.

Qəlbin sevmədi istini.

Bəlkə mən düz anlamadım,

Eşqdə hərarət pisdimi?!

 

Pisdirsə məni bağışla.

Təmiz eşqə yoxmuş dəyər.

Çox arzular sönər qəlbdə.

Yanğın yeri yaralı qəlb,

Yalnız eşqlə dinər qəlbdə!

Şəhla Ramazanqızı

 

Danışaq çiçək dilində

 

Məni baxışınla saldin dərdə, de,

Sevdiyimi söylə, candan bir də de.

Sevgi şəfəqində bitən yerdə de,

Sevgidən danışaq çiçək dilində.

 

Yerin də, göyün də təbəssümündə,

Bir çayın, bulağın zümzüməsində,

Ürək sevgisinin dəniz səsində,

Sevgidən danışaq çiçək dilində.

 

Meyvəsiz, yuvasız kola dönməyək,

Sahilsiz, bağçasız yola enməyək.

Ulduztək sayrışaq, heç vaxt sönməyək,

Sevgidən danışaq çiçək dilində.

 

Açılan sabahda qarışıb qalaq,

Doğma ocağında alışıb qalaq.

Sevgi bağçasında barışıb qalaq,

Sevgidən danışaq çiçək dilində.

 

Bu sevən ürəyim dağdı, mətindi,

Bənövşəli görüş yeri sərindi,

Yaman darıxmışam, gəlsən gəl indi,

Sevgidən danışaq çiçək dilində.

Surə Ziyadqızı

 

Bacım

 

Nə yaxşı ki, bacım var,

Dərdimə əlacım var.

Ürəkdən can deyənə

Hər an ehtiyacım var.

 

Dar günümdə dayağım,

Asta getsəm, ayağım.

Əlimə tikan batsa,

Odur təbibsayağım.

 

Arxamdakı söhbətim,

İşimdəki qiymətim,

Ürəkdən tərif edər

Bacım – tək səadətim.

 

Ən qiymətli mirasdır,

Ata-anama xasdır.

Bacı elə kəsdir ki,

Varlığı mənə bəsdir.

 

Dayağım, sol yanımdır,

Damarımda qanımdır.

Evimin səadəti –

Bacım tək dayağımdır.

Vüsalə İsmayılova

 

Taleyim

 

Sən necə od-alov, ocaq olmusan,

Kəsilən qəlbimə qənim olmusan.

Əbəs yerə saçlarımı yolmusan,

Ay məni küsdürən qəmli taleyim.

 

Sən bir zalımsanmı, nəsənmi deyim,

Bəlkə xoş ömrümü kəsənmi deyim.

Yel olub yolumda əsənmi deyim,

Ay mənim ömrümü kəsən taleyim.

 

Quşlar yuvasından uçan kimiyəm,

Aydın səmalara qaçan kimiyəm.

İşığı göylərə saçan kimiyəm,

İşığı göylərdə qalan taleyim.

 

Vəsidəyəm sənsən giley-güzarım,

Belə sənsən mənim dərdim, azarım.

Dost-yoldaşdan, hər nadandan bezaram,

Ay məndən uzaqda gəzən taleyim…

Vəsidə Mustafaqızı

 

Sevgi yolları

 

Sevgisi tərtəmmiz olan adamın

Düşməz ürəyinə ayrılıq, həsrət.

Dözər hər əzaba, dözər hər dərdə,

Çünki ürəyində vardır məhəbbət.

 

Sevgisi həqiqi olan adamın,

Arzusu, istəyi bütöv olacaq.

Düşsə də nə qədər çətinə, dara,

Sevgisinə hər an sadiq qalacaq.

 

Sevgisi tərtəmmizi olan adamın,

Getdiyi yolu da yalnız bir olar.

Bütün ömrü boyu sevib-sevilər,

Əhdinə, andına o sadiq qalar

 

Sevgisi tərtəmmiz olan adamın,

Ağlına min cürə bəhanə gəlməz.

Qəlbində hər zaman mərhəmət olar,

Sevgi yollarında sərt ola bilməz.

 

Sevgi yollarında olsa boran, qar,

Yenə də saralıb solmaz arzular.

Sevgisi həqiqət olan adamda

Görərsən düz ilqar, təmiz etibar.

 Xuraman Baxış

 

Yaxşı ki Vətən var

 

Yaxşı ki Vətən var, yaxşı ki el var,

Həyatım vətənsiz zindan olardı.

Təbrizsiz, Dərbəndsiz gözümdə sel var,

Ağlasam, göz yaşım ümman olardı.

 

Yaxşı ki, Vətən var, ona övladam,

Necə rahat olar anasız uşaq?

Ana qucağında rahatam, şadam,

Necə yaşayırlar vətəndən uzaq?

 

Yaxşı ki Vətən var, dilim söz tutur,

Yazıram qəlbimdən gəlib-keçəni.

Vətən deyə-deyə yaşa, otur-dur,

Qeyrətli vətəndaş görsünlər səni.

 

Yaxşı ki Vətən var, o qəlbimdədir,

Sabahım, axşamım güc alır ondan.

Hər qürbətə süşən bilməz o nədir,

Yaşaya bilmərəm vətənsiz bir an!

Şərqiyyə Balacanlı

 

Darıxmasın

 

Qar da əriyəcək, yaz da gələcək

Çiçək darıxmasın, gül darıxmasın.

Lalələr qoynunda yallı gedəcək,

Çəmən darıxmasın, çöl darıxmasın.

 

Könüldən bağlanıb bu gələn yaza,

Uyub yüz nəğməyə, düşüb avaza,

Sonalar dəstə ilə gəlir pişvaza

Lacivərd dalğalı göl darıxmasın.

 

Hərdən azalsa da, səbri, qərarı,

Unutmaz dözümü, əyməz vüqarı.

Tezliklə darayar yar barmaqları

Sığal həsrətilə tel darıxmasın.

 

Axtarsın, arasın, öyrənsin sehrin

Felinə düşməsin ala gözlərin.

Qoy götür-qoy etsin dərindən dərin.

“Sevirəm” deməyə dil darıxmasın.

 

Bilirəm, sədaqət hopub canına

Hər vaxt sadiq qaldın öz ünvanına.

Xəyyam, bir şeirlə dur get yanına

Qadasln aldığın el darıxmasın

Xəyyam Nəbiyev

 

Araram

 

Göz nurum qaldı gözündə,

Bu dünyanı kor görürəm.

Arzu-kamda yox bir istək,

Öz-özümə tor hörürəm.

 

Yoxsa ürəkdə bir həvəs,

Yaşamağın nə mənası?

Sənsizlikdə yoxdur nəfəs,

Həvəssiz həyat sürürəm.

 

Ötən zamana gümanda,

Gəldi-gedərdi zaman da.

Payızda hər bitən anda,

Qışına aciz dururam.

 

İmtahandı hər ötən gün,

Dərs verir həyat özü də.

Tək həyatda qalıb üzgün,

Sənli bir günü araram.

Mehriban İbrahimova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir