Göyərçinin pıçıltısı
Şəhid Aqil Mirzəliyevin əziz xatirəsinə.
Şəhidlər ölmürlər. Onlar sadəcə bu torpaqdan pərvaz edib Vətən səmasının əbədi keşikçilərinə çevrilirlər. Eynilə Aqilin ömür kitabında vurğulandığı kimi, o, cismini bu torpağa tapşırıb, ruhən göyərçinə dönən qəhrəmandır. Onun fotosunun üzərinə qonmuş göyərçin isə sanki bir həqiqəti pıçıldayırdı. Şəhidlər ölmürlər.
Bu dünyaya bir qəhrəman gəldi
Mirzəliyev Aqil Mehman oğlu 27 avqust 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur.
Aqil Mirzəliyev 2005-ci ildə İ.Həsənov adına 1 nömrəli tam orta məktəbdə oxumağa başlamışdır. Tərbiyəsi və savadı ilə seçilən Aqil uğurları ilə valideynlərini həmişə sevindirərdi. İntellektual yarışlarda, müxtəlif fənn olimpiadalarında iştirak edən Aqil Mirzəliyev riyaziyyat fənn olimpiadasında birinci yeri tutduğuna görə sabiq təhsil naziri, Misir Mərdanov tərəfindən təltif olunmuşdur.
Məktəbli olduğu dövrdə musiqiyə və incəsənətə həvəsi olan, Aqil pianinoda ifa etməyi öyrənmişdir. Eyni zamanda futbola da maraq göstərən Aqilin vurduğu qol hətta “AFFA” tərəfindən ilin qollarından biri kimi paylaşılmışdır. Məktəb illərində keçirilən ictimai tədbirlərdə də fəallığı ilə seçilirdi.
Aqil Mirzəliyev 2016-cı ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, həmin il qəbul imtahanlarında yüksək nəticə göstərərək 613 bal toplamış və Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olunmuşdur.
Universitet illərində də öz fəallığı və savadı ilə seçilirdi. Zəhmətkeş, əməksevər olan, Aqil tələbəlik illərində valideynlərinin maddi yükünü azaltmaq üçün gecələr işləyər, gündüzlər isə oxuyardı. Eyni zamanda çox dadlı yeməklər hazırlamağı da bacarırdı. Tələbəlik dövründə gecə klublarının birində ofisiant olaraq çalışırdı.
Qələmi silaha dəyişən, Aqil Mirzəliyev
2020-ci ildə universiteti uğurla bitirdikdən sonra, Aqil hərbi xidmətə yollanmaq qərarına gəlir. Aynurə xanımın sözlərinə görə, o, əvvəlcə oğlunun magistratura təhsili almasını istəyirdi. Lakin Aqil bununla razılaşmamışdı. Vətənə olan borcunu təhsildən üstün tutaraq hərbi xidmətə yollanır.
Aynurə xanım deyir:
-“Mən istəyirdim ki, Bakıya düşəsən. Dedi ki, mən Bakı istəmirəm. Füzuli, Qubadlı, Kəlbəcər olsun. Gedim bir erməni öldürüm, deyim ki, Vətənə xidmət elədim. Elədi də…”
Hərbi xidmətə yollandıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyə başlayır. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Aqil Mirzəliyev 2020-ci il sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak edir. Füzuli, Cəbrayıl, Kəlbəcər, Xocavənd və Hadrut istiqamətində gedən döyüşlərdə öz cəsarətini göstərir.
Əsgər yoldaşlarının sözlərinə görə, Aqil könüllü olaraq daim irəli gedir, “Biz bura Vətənimizi xilas etməyə gəlmişik, Qarabağı azad etməliyik!” – deyərək yoldaşlarını ruhlandırırmış.
Aqilin arzusu Ana Vətənə sahib çıxmaq, onu qorumaqla yanaşı, öz anasına və ailəsinə sahib çıxmaq, ailəsini maddi-mənəvi cəhətdən təmin etmək idi. Bəli, Aqilin arzusu bu idi. Elə ilk müsahibəsində də ona “Arzun nədir?” sualı veriləndə əvvəlcə “Qarabağı almaq”, sonra isə “maşın, pul, ev” – demişdi.
Həmişə Qarabağ arzusu ilə yaşayan Aqil arzularından birinə çatdı. Digərləri isə arzu olaraq qaldı. Vətənpərvər, saf qəlbli, təmiz insanların şəxsi istəkləri həmişə ikinci planda olur.
Özü qayğısız olan Aqil ətrafındakı hər kəsə qayğı ilə yanaşır, isti münasibət göstərirdi. Elə döyüş yoldaşlarının söylədiyi kimi, çantasında peçenye daşıyar, tez bir zamanda onlar üçün yemək hazırlayardı.
Öz ətrafındakı hər kəsə sevgisini, qayğısını əsirgəməyən Aqil bu dəfə də öz sevgisini Vətəndən əsirgəmədi. Hər kəsi, hər şeyi düşünən Aqil bu dəfə özünü düşünmədi..
Azərbaycan gənclərinin rahat və təhlükəsiz şəraitdə təhsil alması, oxuyub arzularına çatması üçün öz təhsilini, gələcəyini bizlər üçün qurban verdi.
Cəsarəti, Vətən sevgisi və döyüş meydanında göstərdiyi fədakarlıqla seçilən Aqil Mirzəliyev 2020-ci il oktyabrın 20-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu. Oktyabrın 23-də İsmayıllı Şəhidlər Xiyabanında dəfn olundu.
Şəhid Aqil Mirzəliyev II Qarabağ müharibəsi dövründə döyüş meydanında göstərdiyi şücaətə görə ölümündən sonra, bir sıra medal və ordenlərlə təltif olunub: “Rəşadət” ordeni, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı.
Qürurla kədəri bir ürəkdə daşıyan ailə
Qəhrəman analar qəhrəman övladlar doğur.
Bu gün qəhrəman Aynurə ana həm qürurludur, həm də kədərli. Onun üzünə baxanda qəhrəman ananın izlərini görmək mümkündür. Üzündə illərin qırışları, qəlbində nisgil, gözlərində gizli bir kədər, dodaqlarında isə qürurlu bir təbəssüm var.
Bu kədər yalnız oğlunu şəhid verməyin kədəri deyil. Bu, Aqillə birlikdə qurduğu gələcəklə bağlı planların, xəyalların bir anda yarımçıq qalmasının kədəridir. Bir vaxtlar tələbə ikən evdən işə, işdən evə gedərkən telefonla danışdığı, dərdini, sevincini bölüşdüyü oğlunun nəfəsini indi onun məzarı başında alır.
Hər səhər tezdən ilk işi Şəhidlər Xiyabanına üz tutmaq olur. Oğlunun məzarı önündə dayanır, onunla dərdləşir, yarımçıq qalan planlarını onunla bölüşür. Çətinliklə böyütdüyü, oxutduğu oğlunun xatirəsini yazdırdığı “Göyərçinə dönən qəhrəman” adlı kitabda yaşadır.
Aynurə xanım “Göyərçinə dönən qəhrəman” kitabını məqalənin müəllifinə təqdim edərkən.
Aynurə xanım hərdən özündə günah axtarır. Deyir:
-“Mən övladlarımı çox vətənpərvər böyütdüm. Uşaqlıqdan onlara “Fəryad” filmini və başqa müharibə filmlərini göstərdim, Xocalı hadisələrini çox danışdım, dərindən başa saldım. Bəlkə də səhv etmişəm, bilmirəm…”
Aynurə xanım bir hadisəni xüsusi olaraq xatırlayır. O deyir:
-“28 aprel 2022-ci ildə talvarın altında kiçik bir iftar süfrəsi açdıq. Şəhid ailələri, rayon icra nümayəndələri, din xadimləri, oruc tutan şəxslər və hərbçilər gəlmişdilər. Dualar oxundu, iftar açıldı. Bu an bir ağ göyərçin divardan asılmış Aqilin şəkli üzərinə qondu. Mən isə öz-özümdən ixtiyarsız dedim: “Mənim balamdır. Gəlib, məni tək qoymayıb. Mənim balamdır…”
Aynurə xanımın sözlərinə görə, həmin görüntü sosial şəbəkələrdə yayıldı. Ağ göyərçin isə məclisin sonuna qədər orada qaldı, ətrafındakı insanları, məclis iştirakçılarını sanki müşahidə etdi.. Bəlkə də bu, sadəcə bir ağ göyərçinin təsadüfi uçuşu idi. Amma ana ürəyi üçün bu, adi bir hadisə deyildi. Aynurə xanımın gözündə o ağ göyərçin illərdir yolunu gözlədiyi oğlundan gələn səssiz bir salam, “Sən tək deyilsən, ana. Mən buradayam”, – deyən bir pıçıltı idi.
Arzuları Vətən qədər idi
Onların bir amalı vardı – çətin gündə qalan Vətəni mənfur düşməndən azad etmək, müqəddəs bayrağımızı doğma Qarabağımızda sancmaq, onu azad torpaqlarımızda qürurla dalğalandırmaq.
Şəhid Aqil Mirzəliyev və onun kimi igidlər canlarını qurban verərək ən ali istək və arzularına çatdılar. Bu ali zirvəni fəth edən qəhrəmanlar cisimlərini bu torpağa tapşıraraq, ruhən Vətən səmasının azadlıq quşlarına çevrildilər.
Ömrünün yenicə başlayan 21-ci baharında adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdıran, İsmayıllının “Göyərçinə dönən qəhrəmanı” Aqil Mirzəliyev məhz belə unudulmaz simalardandır.
Allah rəhmət eləsin.
P.S. Yazıda tanınmış jurnalist, “Tərəqqi” medallı Lətifə Əliyevanın “Göyərçinə dönən qəhrəman” (Bakı, Maarif nəşriyyatı, 2024, 256 səhifə), adlı kitabından müəyyən faktlara istinad olunmuşdur.
Röyad Kərimov


