Şair Cəbrayıl Hüseynin yeni kitabı işıq üzü görüb

 

İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində doğulub boya-başa çatan şair Cəbrayıl Hüseynin yeni kitabı oxuculara təqdim olunub. Müəllifin növbəti poetik toplusu şairin illər ərzində formalaşan yaradıcılıq dünyasının, doğma yurda, torpağa, insana və Vətənə bağlılığının yeni ifadəsidir.

Kitabın redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Murad Məhərrəm “Redaktordan ön söz”də Cəbrayıl Hüseynin yaradıcılığında doğma Azərbaycan və xüsusilə İsmayıllı torpağının mühüm yer tutduğunu qeyd edir. Müəllifin yaradıcılığında Vətən və torpaq sevgisi, Qarabağ, şəhidlərin qəhrəmanlığı, ana və ata məhəbbəti, dostluq, insan taleyi, məhəbbət, kəndlərin boşalması kimi mövzularla yanaşı, cəmiyyətdə onu narahat edən problemlərə və zamanın ağrılarına münasibət də öz əksini tapıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şairin müharibə və Zəfər mövzularına müraciəti də yaradıcılığında xüsusi yer tutur.

“Sonuncu mələk” adlanan yeni kitab müəllifin oxucularla ikinci görüşüdür. Topluda yer alan şeirlər şairin sevgi dünyasından – saflığa, halallığa, mübarizliyə, zəhmətə, bir sözlə, yüksək insani keyfiyyətlərə bağlı duyğularından söz açır. Kitab bu mənada müəllifin mənəvi dünyasını oxucu ilə bölüşdüyü səmimi bir həmsöhbət təsiri bağışlayır.

Yeni kitabın işıq üzü görməsi münasibətilə Cəbrayıl Hüseynə yaradıcılıq uğurları, yeni kitablar və oxucuları ilə çoxsaylı görüşlər arzulayırıq.

Şahməmməd Soltanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir