İsmayıllı yetirməsi Avropa çempionudur
İsmayıllı idmançısı Ayxan Mirzəzadə gənclər arasında keçirilən Avropa çempionatında möhtəşəm nəticə göstərərək qızıl medal qazanıb. İdmançımızın bu parlaq qələbəsi Azərbaycan bayrağının beynəlxalq arenada bir daha zirvəyə yüksəlməsi ilə əlamətdar olub.
Ayxan Mirzəzadə final görüşündə fransalı Lüsyen Tiksyeni məğlub edərək Avropa çempionu tituluna sahib olub. Gərgin və məsuliyyətli mübarizədən qalib ayrılan idmançımız bununla da Azərbaycan idmanının və doğma İsmayıllının adına növbəti uğuru yazıb.
Bu qələbə İsmayıllıda böyük sevinc və qürur hissi ilə qarşılanıb. Gənc idmançının qazandığı nailiyyət onun şəxsi uğuru olmaqla yanaşı, yetişdiyi rayonun idman həyatında da əlamətdar hadisədir. Belə nəticələr gənclərimiz üçün nümunə, idmana marağın artırılması üçün isə əlavə stimul yaradır.
Ayxan Mirzəzadənin bu uğurunda onun məşqçiləri Nurlan Salmanzadənin və Əkbər Şəfaqətovun da əməyi xüsusi qeyd olunmalıdır. Gənc idmançının hazırlığında göstərdikləri zəhmət və peşəkarlıq Avropa çempionatında qızıl medalla öz təsdiqini tapıb.
İsmayıllının və Azərbaycanın daha bir qürurverici uğuru münasibətilə Ayxan Mirzəzadəni, onun məşqçilərini ürəkdən təbrik edir, qarşıdakı mötəbər yarışlarda ona yeni qələbələr arzulayırıq.
“İsmayıllı xəbərləri”

