Şəfa mələklərindən biri – Mətanət həkim

 

Həkim! Böyük Yaradanın yer üzünə bəxş etdiyi şəfa mələyi… Həyatımızı bir anlıq loğmansız təsəvvür edək. Bu mümkündürmü? Əsla yox! Çünki insanın ən çətin, ən kövrək anlarında onun ümid yeri, güvənc yeri həkim olur.

Əsl həkim isə yalnız öz işinin peşəkarı, savadlı mütəxəssis deyil. O, həm də qayğıkeş, mərhəmətli, işini sevən, xəstəsinə insan sevgisi ilə yanaşan bir şəxsiyyətdir. Bu gün haqqında söz açacağım İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri Bədəlova (Qəribova) Mətanət Ağalar qızı da məhz belə həkimlərimizdəndir. Şəxsiyyətinə və peşəsinə böyük hörmət bəslədiyim Mətanət həkimlə bağlı bu sətirləri yazmağı özümə borc bildim.

Bu günlərdə çox yüksək təzyiqlə mən də Mətanət həkimə müraciət etdim. Düzünü deyim ki, gümansız və ümidsiz idim. Lakin ilk görüşdən həkimin gülərüzlə, səmimiyyətlə məni qarşılaması məndə xoş təəssürat yaratdı. Ardınca xəstəxanaya yerləşdirildim.

Xəstəxanada olduğum müddətdə mehriban və qayğıkeş bir mühitin şahidi oldum. İstər Mətanət həkim, istərsə də rəhbərlik etdiyi terapiya şöbəsinin əməkdaşları bütün xəstələrə yüksək səviyyədə diqqət və qayğı göstərirdilər. Hər bir xəstənin səhhəti ilə maraqlanılır, müalicə prosesi diqqətlə izlənilir, insanın özünü rahat və güvəndə hiss etməsi üçün hər cür şərait yaradılırdı.

Mətanət həkim peşəkar mütəxəssis kimi hər bir xəstəyə fərdi yanaşır, səhhətindəki dəyişiklikləri diqqətlə izləyir, bilik və təcrübəsini sağalma naminə əsirgəmirdi. Onun xəstələrə münasibətində bir həkim məsuliyyəti ilə yanaşı, böyük bir insan sevgisi də duyulurdu.

Atalarımız demişkən, “Ot kökü üstə bitər”. Mətanət həkim də böyük nüfuza malik, ziyalı bir nəslin yetirməsidir. Halal zəhmətlə yaşayan, ziyalı bir ailədə böyüyən Mətanət xanım öz soy-kökünə sadiq qalaraq xeyirxahlığı, insanlara yaxşılıq etməyi həyatının əsas dəyərlərindən birinə çevirib.

İşinin çoxluğuna, məsuliyyətinin ağırlığına baxmayaraq, o, daim tibbin yenilikləri ilə maraqlanır, peşəkar biliklərini artırmağa çalışır. Çünki yaxşı həkim üçün öyrənmək heç vaxt başa çatmır. Hər yeni bilik bir insanın həyatına, sağlamlığına, sabahına xidmət edə bilər.

Nə yaxşı ki, bu gün rayonumuzda belə savadlı, peşəkar və qayğıkeş həkimlər fəaliyyət göstərir. Mətanət həkim bu gün İsmayıllı səhiyyəsində öz əməyi, peşəkarlığı və insanlara münasibəti ilə seçilən, parlayan bir tibb ulduzudur.

İnanıram ki, Mətanət həkim hələ neçə-neçə insanın sağlamlığını bərpa edəcək, neçə-neçə ailəyə sevinc bəxş edəcək. Onun üçün həkimlik yalnız bir peşə deyil, insan həyatına xidmət edən müqəddəs bir missiyadır.

Bu xeyirxah və şərəfli işinizdə Allah Sizə yar olsun, Mətanət həkim! Əlləriniz şəfa, ürəyiniz daim insan sevgisi ilə dolu olsun!

Təranə Məmmədova,

İsmayıllı şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir