Tovuzdan başlayan zəfər yolu

 

Azərbaycan xalqının mübarizə tarixində elə hadisələr vardır ki, onların əhəmiyyəti təkcə baş verdiyi günlə məhdudlaşmır. Belə hadisələr gələcək tarixi proseslərin istiqamətini müəyyənləşdirir, milli yaddaşda silinməz iz qoyur. 2020-ci ilin 12-16 iyul tarixlərində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər də məhz belə tarixi hadisələrdəndir.

Tovuz döyüşlərindən altı il ötür. Aradan keçən illər bir daha təsdiqləyir ki, həmin döyüşlər təkcə sərhəddə baş vermiş lokal hərbi qarşıdurma deyil, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ən mühüm təkanverici mərhələlərindən biri idi.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın mövqelərinə artilleriya zərbələri endirməklə növbəti hərbi təxribat törətdi. Maraqlıdır ki, bu dəfə qarşıdurma işğal altında olan Qarabağ ərazisində deyil, iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədində baş verdi. Ermənistanın məqsədi bölgədə gərginlik yaratmaq, Azərbaycanın mühüm enerji və nəqliyyat layihələrinin keçdiyi strateji xəttə təhlükə formalaşdırmaq, həmçinin hərbi-siyasi üstünlük əldə etmək idi. Lakin düşmən ciddi müqavimətlə üzləşdi. Azərbaycan Ordusu çevik və peşəkar əks-hücum tədbirləri ilə Ermənistanın bütün planlarını puça çıxardı.

Beş gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu yüksək döyüş hazırlığını, peşəkarlığını və qətiyyətini nümayiş etdirdi. Düşmənin canlı qüvvəsi, hərbi texnikası və mühəndis istehkamları məhv edildi, hücum cəhdləri tamamilə iflasa uğradıldı. Ən mühüm nəticə isə ondan ibarət oldu ki, Azərbaycan heç bir strateji mövqeyini itirmədi, əksinə, Ermənistan ordusunun uzun illər formalaşdırmağa çalışdığı “məğlubedilməz ordu” mifini ciddi şəkildə sarsıtdı.

Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan 12 hərbi qulluqçunun hər biri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində əbədi yaşayacaq. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Anar Novruzov və Namiq Əhmədov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Elçin Mustafazadə, Nazim İsmayılov və Xəyyam Daşdəmirov Vətən uğrunda canlarını fəda edərək adlarını tarixə yazdılar.

Bu qəhrəmanlar arasında ən kiçik hərbi rütbəyə malik olan, cəmi bir neçə ay əvvəl həqiqi hərbi xidmətə yollanmış İsmayıllının Balik kəndindən olan əsgər Xəyyam Daşdəmirov da var. O, cəmi 18 yaşında Vətən sərhədinin keşiyində dayanaraq özündən qat-qat böyük rütbəli komandirlərlə eyni səngərdə döyüşdü və şəhidlik zirvəsinə yüksəldi. Xəyyamın igidliyi göstərdi ki, Vətən sevgisinin ölçüsü nə yaşla, nə də rütbə ilə müəyyən olunur.

Tovuz döyüşlərinin ən mühüm nəticələrindən biri xalq-ordu birliyinin görünməmiş səviyyədə möhkəmlənməsi oldu. Şəhidlərin dəfn mərasimləri ümumxalq həmrəyliyinə çevrildi. Minlərlə insan küçələrə çıxaraq ordunun yanında olduğunu nümayiş etdirdi, könüllü şəkildə cəbhəyə yollanmaq üçün müraciətlər etdi. Bu mənəvi yüksəliş xalqın torpaqların işğalı ilə barışmadığını, Vətən uğrunda sonadək mübarizə aparmağa hazır olduğunu bütün dünyaya göstərdi.

Hərbi ekspertlər və siyasi müşahidəçilər sonradan dəfələrlə qeyd etdilər ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun döyüş hazırlığının real sınağı oldu. Burada əldə olunan təcrübə, tətbiq edilən taktiki yeniliklər, komandanlığın çevik qərarları cəmi iki ay sonra başlayan 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi. Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz döyüşləri Böyük Zəfərə aparan yolun əsas mərhələləri kimi tarixə düşdü.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad etdi, Ermənistan ordusunu kapitulyasiyaya məcbur etdi və tarixi ədaləti bərpa etdi. Həmin Böyük Zəfərin mənəvi və psixoloji bünövrəsi məhz Tovuz döyüşlərində qoyulmuşdu. O döyüşlər göstərdi ki, Azərbaycan Ordusu artıq əvvəlki ordu deyil – yüksək peşəkarlığa, müasir silahlara, güclü komandanlığa və sarsılmaz vətənpərvərlik ruhuna malik qalib ordudur.

Bu gün Tovuz döyüşlərinə nəzər salarkən bir daha anlayırıq ki, tarix yalnız silahla deyil, iradə, birlik və milli ruhla yazılır. Azərbaycan əsgəri həmin günlərdə yalnız sərhədi müdafiə etmədi. O, xalqın qələbəyə olan inamını bərpa etdi, Zəfərin mümkünlüyünü sübut etdi və Böyük Qələbənin ilk zəngini çaldı.

Altı il əvvəl Tovuz səngərlərində şəhid olan qəhrəmanlarımızın müqəddəs xatirəsi bu gün də xalqımızın qəlbində yaşayır. Onların qanı yerdə qalmadı. Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi.

Tovuz döyüşləri artıq təkcə bir hərbi əməliyyatın adı deyil. O, milli həmrəyliyin, ordumuza sonsuz inamın, qəhrəmanlığın və Böyük Zəfərə aparan yolun rəmzidir. Azərbaycan xalqı bu şanlı səhifəni daim ehtiramla xatırlayacaq, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini sonsuz minnətdarlıqla yad edəcək.

 Şahməmməd Soltanov,

“İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir