Asudə vaxtının səmərəli təşkili
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Mənim ailəm” layihəsi çərçivəsində Mərkəz əməkdaşlarının və məktəblilərin iştirakı ilə nümunəvi ailəyə səfər təşkil edilib.
Səfərin əsas məqsədi məktəblilərin yay tətilində asudə vaxtının səmərəli təşkili, onlarda ailə institutuna hörmət hissinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, sənətkarlıq irsinin tanıdılması və yaşlı nəslin həyat təcrübəsindən faydalanmalarına şərait yaratmaq olub.
Əvvəlcə məktəblilər peşəkar oyma ustası Qəhrəman Adıgözəlovun emalatxanasını və əl işlərindən ibarət sərgisini ziyarət ediblər. Usta ağacoyma sənətinin incəlikləri, hazırladığı əsərlərin ərsəyə gəlmə prosesi və bu sənətə olan sevgisi haqqında iştirakçılara məlumat verərək, şagirdləri maraqlandıran sualları cavablandırıb.
Səfər zamanı ailə üzvləri uzun illər ərzində qoruyub saxladıqları qarşılıqlı hörmət, etibar, səbir və anlayışa əsaslanan ailə dəyərləri haqqında məktəblilərlə səmimi söhbət apararaq, ailə həyatına dair zəngin təcrübələrini və həyat hekayələrini onlarla bölüşüblər. Qəhrəman və Səfiqə Adıgözəlovlar uşaqlara keçmişdə mövcud olan milli adət-ənənələr, ailə dəyərləri, el şənlikləri və xalq oyunları haqqında maraqlı məlumatlar çatdırıblar.
Eyni zamanda Q.Adıgözəlov tərəfindən hazırlanmış viktorina uşaqlar tərəfindən maraqla qarşılanıb və viktorinanın qalibi olan iştirakçılara usta tərəfindən müəllifi olduğu kitab hədiyyə edilib.
Sonda məktəblilər Q.Adıgözəlovun saz ifası altında xalq mahnıları səsləndiriblər. Səmimi və mehriban şəraitdə keçən görüş iştirakçılarda xoş təəssüratlar yaradıb.
Nazlı Mirzəliyeva

