Ekoloji maarifləndirmə gücləndirilir
“Ekoloji Dostluq Layihəsi” çərçivəsində İsmayıllının Buynuz kəndində ekoloji düşərgə keçirilib.
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi və EKO Monitorinqin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun Buynuz kəndində “Ekoloji Dostluq Layihəsi” çərçivəsində ekoloji düşərgə təşkil olunub.
Layihənin əsas məqsədi ekoloji maarifləndirmənin gücləndirilməsi, ətraf mühitin mühafizəsinə məsuliyyətli münasibətin formalaşdırılması, təbiətin qorunmasının təşviqi və ekoloji dəyərlərin cəmiyyətdə təbliği olub.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev iştirak edib. O, çıxışında ekoloji maarifləndirmə istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayaraq, bu cür təşəbbüslərin cəmiyyətdə ekoloji şüurun formalaşmasına və ətraf mühitin qorunmasına mühüm töhfə verdiyini bildirib.
Ekoloji düşərgədə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin üzvləri iştirak ediblər. Proqram çərçivəsində peşəkar təlimçi Fəzilə Əsgərova tərəfindən komanda işi, effektiv ünsiyyət və şəxsi inkişaf mövzularını əhatə edən interaktiv təlim keçirilib.
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi gələcəkdə də cəmiyyətin ekoloji maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf məqsədlərinə xidmət edən layihələrin həyata keçirilməsini davam etdirəcək.

