Zərərli vərdişlərə yox deyək
Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi müasir dövrün ən ciddi sosial bəlalarından biri kimi cəmiyyətin sağlam inkişafına, xüsusilə gənc nəslin gələcəyinə ciddi təhlükə yaradır. Bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi, əhalinin, xüsusən də yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq tutulması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızda həyata keçirilən Dövlət Proqramı çərçivəsində bu sahədə mütəmadi olaraq silsilə tədbirlər təşkil edilir.
Bu məqsədlə İsmayıllıda Dövlət Proqramının icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı Rayon Mədəniyyət Mərkəzində “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrdən, bu bəlanın insan sağlamlığına, ailə institutuna və ictimai təhlükəsizliyə vurduğu zərərlərdən ətraflı bəhs ediblər. Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə yanaşı, maarifləndirmə tədbirləri ailə, məktəb və ictimaiyyətin əməkdaşlığı, eləcə də sağlam həyat tərzinin təbliği mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, bu fəaliyyətin davamlı xarakter alması, narkotik vasitələrdən istifadəyə meyilli şəxslərlə bağlı vaxtında qabaqlayıcı və profilaktik tədbirlərin görülməsi, aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində zəruri tövsiyələr səsləndirilib.
Tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı fikir və təkliflərini bölüşüb, mövzu ətrafında qarşılıqlı müzakirələr aparıblar. Maarifləndirici görüş iştirakçılara məlumatlandırıcı bukletlərin paylanılması ilə başa çatıb.
Qeyd olunub ki, belə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsi cəmiyyətdə sağlam həyat tərzinin təşviqinə, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına və narkomaniyaya qarşı ictimai mübarizənin daha da güclənməsinə mühüm töhfə verir.
Samir Zülfiyev

