Gənclərə uğur arzulanıb
Azərbaycanda peşə təhsilinin inkişafı, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması dövlətin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən islahatlar gənclərin peşə təhsilinə marağını artırmaqla yanaşı, onların məşğulluq imkanlarının genişlənməsinə də mühüm töhfə verir.
Bu münasibətlə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun Günü” təntənəli şəkildə qeyd olunub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, işəgötürən müəssisələrin təmsilçiləri, şəhid ailələri, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, cari tədris ilində mərkəzi 163 nəfər bitirib. Onların əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədilə tədbirə regionun müxtəlif sahələrini təmsil edən 20-yə yaxın işəgötürən müəssisənin nümayəndələri də dəvət olunublar.
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov çıxışında peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafındakı rolundan danışaraq məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, mərkəzdə tətbiq olunan müasir tədris yanaşmaları və işəgötürənlərlə səmərəli əməkdaşlıq məzunların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Natəvan Ağayeva ölkədə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən islahatlardan danışıb. İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli də çıxış edərək məzunlara gələcək həyat və əmək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə şəhid məzunların valideynləri də çıxış edərək gənclərə Vətənə sədaqətli, dövlətə və cəmiyyətə faydalı vətəndaş olmağın vacibliyini xatırladıblar.
Sonda tədris və istehsalat təcrübəsində fərqlənən tələbələr fəxri hədiyyələrlə mükafatlandırılıb, peşə təhsilinin inkişafına dəstək göstərən işəgötürən müəssisələr təşəkkürnamələrlə təltif olunublar. Bayram ab-havasında keçən tədbir bədii proqram və ənənəvi məzun papaqlarının səmaya atılması ilə başa çatıb.
“İsmayıllı xəbərləri”

