Verilən söz yerinə yetirilir
Verilən vədin əməli işlə təsdiqlənməsi insanların yerli özünüidarəetmə orqanlarına inamını daha da möhkəmləndirir. İsmayıllı bələdiyyəsinin Aşağıbaş məhəlləsində həyata keçirdiyi növbəti abadlıq tədbiri də məhz bu etimadın bariz nümunəsidir.
İsmayıllı bələdiyyəsinin hüdudlarında yerləşən İsmayıllı şəhərinin Aşağıbaş məhəlləsində, sakinlərin “Böyük mərz” adlandırdığı ərazidə sayı ona yaxın, ümumi uzunluğu təxminən 4 kilometr olan paralel küçələrin ilkin çınqıllanmasına başlanılıb.
Qeyd edək ki, bir müddət əvvəl həmin ərazidə yaşayan sakinlərlə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun keçirdiyi səyyar görüş zamanı uzun illər keçilməz vəziyyətdə olan küçələrin mərhələlərlə yerli bələdiyyəyə ilə birgə abadlaşdırılacağı vəd olunmuşdu. Hazırda görülən işlər həmin vədin əməli şəkildə yerinə yetirildiyini göstərir.
Uzun illər, xüsusilə yağıntılı havalarda texnikaların, eləcə də piyadaların hərəkətini xeyli çətinləşdirən bu küçələrin abadlaşdırılması sakinlərin müraciətləri əsasında həyata keçirilir. Küçələrə daşınan çınqıl lazımi qalınlıqda döşəndikdən sonra ağır texnika vasitəsilə pərçimləmə aparılır. Bu üsul yol örtüyünün möhkəmliyini və dayanıqlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, onun uzunömürlü olmasına və rahat istifadəsinə şərait yaradır.
Görülən işlər yalnız yeni küçələrin salınması ilə məhdudlaşmır. Əraziyə yaxın yerləşən, təmirə ehtiyacı olan küçələr də mərhələli şəkildə diqqətdə saxlanılır. Bu isə yol infrastrukturunun kompleks şəkildə yaxşılaşdırılmasına xidmət edir.
İsmayıllı bələdiyyəsinin sədri Qüdrət Kazımovun qeyd etdiyi kimi, bu qəbildən olan abadlıq işlərinin il boyu davam etdirilməsi bələdiyyənin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Bu kimi işlərdə bizə dəstək verənlərə, köməklik göstərənlərə minnətdarlıq edirik. Görülmüş işdə əsas məqsəd sakinlərin müraciətlərinə operativ reaksiya vermək, onların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək olub.
Sakinlərin razılığı göstərir ki, verilən sözə əməl olunanda etimad daha da möhkəmlənir. Aşağıbaş məhəlləsində görülən işlər də bunun əyani nümunəsi olmaqla yanaşı, İsmayıllıda abadlıq və quruculuq işlərinin ardıcıl şəkildə davam etdirildiyini bir daha təsdiqləyir.
Ülkər Əsədova,
İsmayıllı bələdiyyəsinin kargüzarı



