Sosial rifahın yüksələndə vətəndaş məmnun qalır
Sosial həssas təbəqəyə göstərilən diqqət və qayğı çərçivəsində daha bir nümunəvi addım atılıb. Aztəminatlı ailədən olan Vətən müharibəsi qazisi Babayev Elvin Həmzə oğlunun İsmayıllı bələdiyyəsinə müraciəti əsasında yerli qurum tərəfindən ailə üçün hamam tikintisinə lazımi köməklik göstərilib. Bu təşəbbüs həm sosial dəstəyin gücləndirilməsi, həm də qazi ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilir.
Qazinin razılıq məktubundakı qeyddən bəlli olur ki, ailəsi uzun müddət məişət şəraitinin çətinliyi ilə üzləşib. Xüsusilə sanitar-gigiyenik şəraitin məhdudluğu ailə üzvləri üçün müəyyən narahatlıqlar yaradırdı. Bələdiyyəyə ünvanlanmış müraciət qısa müddətdə nəzərə alınaraq operativ şəkildə tədbir görülüb.
Bələdiyyə tərəfindən ayrılan vəsait və təşkilati dəstək hesabına qazi ailəsi üçün müasir standartlara cavab verən hamam tikilib. Tikinti işləri qısa müddətdə, keyfiyyətlə və ailənin ehtiyacları nəzərə alınaraq həyata keçirilib.
Bələdiyyə nümayəndələri bildirirlər ki, şəhid və qazi ailələri, eləcə də Vətən müharibəsi iştirakçılarının qayğıları daim diqqətdə saxlanılır və mövcud imkanlar daxilində bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Belə layihələr yalnız maddi dəstək deyil, həm də mənəvi borcun bir ifadəsidir.
Qazinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, bu təşəbbüs onların gündəlik həyatını xeyli asanlaşdırmaqla yanaşı, dövlət və cəmiyyət tərəfindən unudulmadıqlarını da bir daha aydın göstərir.
Sevindirisi haldır ki, bu addımlar həm sosial rifahın yüksəldilməsinə, həm də vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Elnur Nəcəfov,
İsmayıllı bələdiyyəsində Büdcə məsələləri daimi komissiyasının sədri

