Onların şücaəti gələcək nəsillərə örnək olacaq
9 aprel 2026-cı il tarixində İsmayıllı rayon ictimaiyyətinin böyük bir qrupu, idarə və təşkilatların nünayəndələri 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı qəhrəmanlıq göstərərək şəhadətə ucalmış şəhid Mikayıl Yaqub oğlu Vahabzadənin məzarını və ev muzeyini ziyarət edib.
Ziyarət zamanı iştirakçılar əvvəlcə şəhidin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dövlət himni səsləndirilib, ruhuna dualar oxunub, qəhrəman oğullarımızın Vətən uğrunda göstərdikləri şücaətdən bəhs olunub. Bu anlar hər kəsdə qürurla yanaşı, kövrək duyğular da oyadıb.
Daha sonra ziyarətçilər şəhidin ev muzeyi ilə tanış olublar. Burada onun şəxsi əşyaları, hərbi geyimi, xidmət dövrünə aid xatirələr və ailə fotoları nümayiş etdirilib. Muzeydə qorunan hər bir eksponat Mikayılın keçdiyi şərəfli həyat yolunun canlı izlərini əks etdirir, ziyarətçilərə onun Vətənə bağlılığını daha yaxından hiss etdirir.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Həmin döyüşlərdə igid əsgər və zabitlərimizin göstərdiyi rəşadət bu gün də gənc nəsil üçün örnəkdir. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların həyat və döyüş yolunun təbliği hər bir vətəndaşın mənəvi borcudur.
Ziyarət iştirakçıları şəhidin ailə üzvləri ilə də görüşüb, onların dərdinə şərik olduqlarını bildiriblər. Qeyd olunub ki, şəhid ailələri daim dövlətin və xalqın diqqət və qayğısı ilə əhatə olunurlar və bu diqqət hər zaman davam etdiriləcəkdir. Bu cür görüşlər həm də milli həmrəyliyin və vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə xidmət edir.
Sonda tədbir iştirakçıları bir daha vurğulayıblar ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi heç zaman unudulmayacaq. Mikayıl Yaqub oğlu Vahabzadə kimi igidlərin adı tariximizdə əbədi yaşayacaq, onların şücaəti gələcək nəsillərə örnək olacaqdır.
Kifayət Xalıqova,
İsmayıllı UGİM-nin əməkdaşı

