Təhlükəsiz və sabit gələcəyin qurulması üçün
1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində rayonun inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, bələdiyyələrdə, eləcə də digər idarə, müəssisə və təşkilatlarda geniş maarifləndirmə işləri aparılıb. İştirakçılara ekoloji risklərin vaxtında müəyyən olunması, düzgün qiymətləndirilməsi və effektiv idarə edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Keçirilən tədbirlərdə həmçinin müasir dövrdə iqlim dəyişiklikləri, təbii fəlakətlər və texnogen risklərin cəmiyyətə təsiri geniş müzakirə olunub. Çıxış edənlər ekoloji təhlükələrin qarşısının alınmasının yalnız fövqəladə hallara reaksiya ilə deyil, eyni zamanda qabaqlayıcı tədbirlərin gücləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi və maarifləndirmə işinin genişləndirilməsi ilə mümkün olduğunu vurğulayıblar.
Tədbirdə qeyd edilib ki, dayanıqlı inkişafın təmin olunması üçün dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Ekoloji risklərin düzgün qiymətləndirilməsi, resurslardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən layihələr gələcək nəsillər üçün təhlükəsiz və sağlam mühitin formalaşmasına xidmət edir.
Sonda iştirakçılar ekoloji risklərin idarə edilməsində innovativ yanaşmaların tətbiqinin vacibliyini qeyd edərək, cəmiyyətin hər bir üzvünü ətraf mühitə məsuliyyətli yanaşmağa çağırıblar. Bildirilib ki, təhlükəsiz və sabit gələcəyin qurulması yalnız birgə səylər və davamlı fəaliyyət nəticəsində mümkündür.
Nemət Abdurəhimov,
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi, Mülki Müdafiə Qərargahının rəisi


