İnsanın daxili dünyasına güzgü tutan peşə sahibi    

 

Son illərdə cəmiyyətimizdə “psixoloq”, həmçinin “psixoloji problem” kimi ifadələrdən geniş istifadə hallarının artması ilə “psixoloq kimdir?” sualı cəmiyyətimizdə formalaşmış yanlış təsəvvürləri də yenidən gündəmə gətirir. Bəs görəsən “psixoloq kimdir?” sualının doğru cavabı nədir? Psixoloq, insanın düşüncə tərzini, emosiyalarını və davranışlarını elmi əsaslarla öyrənən və bu biliklərdən istifadə edərək insanın özünü daha yaxşı tanımasına, problemlərini anlamasına və onlarla sağlam şəkildə baş etməsinə kömək edən mütəxəssisdir. Psixoloq insanın daxili dünyasına güzgü tutan, onu dinləyən və düşünməyə vadar edən peşə sahibidir.

Psixoloq psixologiya elminin praktiki sahəsində çalışan mütəxəssisidir. Psixologiya elmi insanın düşüncə tərzini, hisslərini və davranışlarını araşdıran elmdir. Yəni “insan niyə belədir?” sualına cavab axtarır. Niyə eyni vəziyyətdə bir insan sakit qalarkən, digər bir insan isə aqressiv reaksiya göstərir? Niyə bəzi insanlar keçmişi unuda bilmir, bəziləri isə heç yaşanmamış kimi həyatına davam edir? Qısa formada desək psixologiya elmi insanın düşlüncə, hiss və davranışlarını öyrənən elm sahəsidir.

Lakin müasir dövrdə psixoloq anlayışı ətrafında formalaşmış bir çox yanlış təsəvvür mövcuddur. Bu yanlış yanaşmalar psixoloqun rolunun düzgün anlaşılmamasına  və bəzən insanların psixoloji dəstək almaqdan uzaq durmasına səbəb olur. Cəmiyyətimizdə geniş yayılmış fikirlərdən biri psixoloqa yalnız ciddi psixi problemləri olan insanların müraciət etməli olduğudur. Bu düşüncə bir çox insanın yaşadığı narahatlığı kiçiltməsinə və kömək almağı təxirə salmasına gətirib çıxarır. Halbuki insanın gündəlik həyatda qarşılaşdığı emosional çətinliklər də diqqət və dəstək tələb edir. Psixoloqa müraciəti zəiflik kimi qiymətləndirən düşüncələr də hələ də mövcuddur. Güclü görünmək naminə problemləri gizlətmək isə əksər hallarda daxili gərginliyin artmasına səbəb olur. Halbuki psixoloji dəstək almaq insanın özünə və həyatına qarşı məsuliyyətli həmçinin müsbət yanaşmasına təsirini göstərir.

Nəhayət, psixologiyanın sosial mediada populyarlaşması bu sahə ilə bağlı anlayışların bəzən səthiləşməsinə yol açır. Psixoloji bilik qısa paylaşımlar və motivasiya cümlələri ilə məhdudlaşmır; bu, uzunmüddətli təhsil, etik çərçivə və peşəkar yanaşma tələb edən bir sahədir.

Psixoloq həkimdirmi?

Bu sual çox tez-tez verilir və qarışıqlıq da əsasən buradan yaranır. Xeyr, psixoloq həkim deyil. Psixoloq universitetlərin psixologiya fakültəsini bitirmiş, insan psixikası, davranışları və emosional vəziyyəti ilə işləmək üzrə ixtisaslaşmış mütəxəssisdir.

Psixoloqlar insanların gündəlik həyatlarında qarşılaşdıqları psixoloji çətinliklərin, stressin, emosional gərginliyin, ailə və münasibət problemlərinin, özünü tanıma və şəxsi inkişaf məsələlərinin həllində onlara dəstək göstərirlər. Onlar insanın düşüncə və davranışlarını daha yaxşı anlamağa kömək edir, problemlərin səbəblərini birlikdə araşdırır və bu çətinliklərin aradan qaldırılması üçün müxtəlif psixoloji üsul və yanaşmalardan istifadə edirlər.

Psixoloqun əsas işi insanı dinləmək, onu anlamaq və peşəkar psixoloji dəstək göstərməkdir. Məsləhət və psixoloji konsultasiya vasitəsilə insanın özünü daha yaxşı tanımasına, emosiyalarını idarə etməsinə və həyatında daha sağlam qərarlar verməsinə kömək edir.

Buna görə də psixoloqla işləmək insanların psixoloji rifahını artırmaq, özünü inkişaf etdirmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün vacib və faydalı bir proses hesab olunur.

Psixoloq yanına kimlər gedir?

Psixoloq yanına yalnız ağır problemi olanlar getmir. Ora həyatın içində yorulan, özünü itirdiyini hiss edən, amma bunu sözə çevirə bilməyən insanlar gedir. Hər gün gülümsəyib axşam tək qalanda içində boşluq hiss edənlər, münasibətlərində eyni səhvləri təkrarlayanlar, niyə xoşbəxt olmadığını anlamayanlar. Psixoloq yanına zəif insanlar yox, özünü anlamağa cəsarət edənlər gedir. Çünki insanın öz daxili ilə üzləşməsi asan deyil. Susmaq bəzən rahat görünür, amma uzun müddət davam edəndə insanı içdən içə yorar.Ora getmək ayıb deyil, qorxulu da deyil. Psixoloq yanına getmək “mən özümə laqeyd deyiləm” deməkdir. Ruh da bədən kimi qayğı istəyir. Və bəzən ən düzgün addım, kiməsə danışmaq və kömək almaqdır.

Doğru psixoloqu necə tanımaq olar?

Psixoloqa getmək qərarı qədər, doğru psixoloqu seçmək də vacibdir. Çünki hər diplomlu mütəxəssisin psixoloq sayılması mümkünsüzdür. Doğru psixoloq insanın həyatına təsir edən, onu yönləndirən və bəzən də dəyişiminə səbəb ola biləcək şəxsdir. İlk növbədə doğru psixoloq dinləməyi bacarır. O, sizi tələsdirmir, sözünüzü kəsmir, şablon cavablar vermir. Hər seansda sizi öz daxilinizə işıq tutmağınıza, həmçinin özünüzü daha yaxşı anlamağınıza köməklik göstərməyə çalışır. Danışdığınız mövzular qarşısında sizi mühakimə etmir, utandırmağa və ya günahkarlıq hissinə sürükləmir. Doğru psixoloq möcüzə vəd etmir. “Bir seansda həll edərik”, “sənə zəmanət verirəm” şəkildə vəədlər verən şəxs doğru psixoloq deyil. Peşəkar psixoloq sizin sərhədlərinizə hörmət edir. Şəxsi həyatınıza lazımsız şəkildə müdaxilə etmir, seansdan kənar münasibət qurmağa çalışmır. Sizə dost, valideyn və ya hakim kimi yox, mütəxəssis kimi yanaşır. Doğru psixoloq öz biliyinin sərhədlərini tanıyan, lazım gəldikdə başqa mütəxəssisə yönləndirməyi bacaran şəxsdir. Bu, zəiflik yox, peşəkarlıq göstəricisidir. Ən vacibi isə, doğru psixoloqla özünüzü təhlükəsiz hiss edirsiniz. Doğru psixoloqu tanımaq üçün tək ölçü diplom deyil. Onu tanıdan davranışı, etikası və insana yanaşma tərzidir. Çünki psixologiyada ən güclü vasitə texnika yox, insanla qurulan sağlam münasibətdir.

Bu, sizinlə bölüşdüyüm ilk yazımdır. Aktual, həmçinin ixtisasımla əlaqəli mövzu üzərində çalışdım.

Gələcək yazımızda görüşənədək.

Aytən Qubadova,

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir