Yurdumuza bahar gəldi
Azərbaycan xalqının ən əziz bayramı Novruz bayramıdır. Qoy heç kəs bu bayramı Cəmşidin taxta çıxması, yaxud dinlə bağlamasın. Bu bayramı xalqımız min illər öncə yaratmış və zaman-zaman təkmilləşdirərək bu günümüzə belə mükəmməl bir şəkildə gətirib çıxarmışdır. Novruz bayramı millətimin geninə-qanına hopmuşdur. Rus-sovet imperiyasının qadağalarına baxmayaraq biz Azərbaycan türkləri bu bayramı gizli və aşkar şəkildə qeyd etmişik. Namərd düşmənlərimiz bu bayramın bizim üçün nə qədər əziz olduğunu bildiyindən bir çox hallarda öz fitnəkar əməllərini məhz bu bayram günlərində törətmişlər. Novruz uşaqdan böyüyə hamının bayramıdır. Nə qədər bu millət var, Novruz ruhumuzda yaşayacaq, nəsillərdən nəsillərə ötürüləcək. Novruzun bir çox adət ənənələri, mərasimləri vardır ki, hər biri dərin məzmun, məna daşıyır. Minilliklərin sınağından uğurla keçərək bugünümüzə gəlib çatmış Novruzun bir xüsusiyyətlərini, Novruz inanclarını sizinlə bölüşmək istərdik. Bu inancların özü də xalqımızın uzaqgörənliyindən, müdrikliyindən xəbər verir:
*Novruz bayramı gecəsi həm də sevgi, ürək gecəsi sayılır. Cavan oğlanlar sevdikləri qızlar olan evin bacasından salladıqları qurşaqların ucuna bir dəsmal bağlayırlar. Qız və qızın valideynləri o saat mətləbi başa düşürlər. Əgər bu işə razılıq varsa, dəsmalı qurşaqdan açıb qızın qoluna bağlayırlar. Yox əgər razı deyillərsə, dəsmala bayram nemətlərindən qoyub geri qaytarırlar.
*Novruz bayramı şəninə açılmış süfrənin künc tərəflərində kimsə oturmaz. İnama görə ruhlar da bu axşam gəlib künc tərəfdən yaxınlaşaraq, süfrədəki nemətlərdən dadırlar.
*Süfrənin künc tərəfində oturmaqla ruhların qarşısı kəsilmiş olur. Bundan inciyərək küsüb gedən ruhlar evə ziyanlıq gətirə bilərlər.
*Novruz bayramı axşamında yandırılmış tonqal sönənə yaxın üzərlik səpib deyərlər. Ocağımıza əyri baxanın gözləri partlasın, özü yanıb çatlasın.
*Novruz bayramı üçün göyərdilmiş səməni saralıq solanda axar suya axıdılar. Arxasınca da, şirni atarlar. Belə elədikdə deyərlər ki, evdə xeyir, bərəkət artar.
*Novruz bayramı axşamı yandırılan tonqalda üzərlik alışdırıb, tüstüsünü ev-eşiyə, mal-qaraya verərlər ki, salamatlıq olsun.
*Novruz bayramında bir-birilərini təbrikə gedənlər, getdikləri evin ailə üzvləri sayı qədər bişmiş və qırmızı rəngə boyanmış yumurta apararlar. Bu həmin ailəyə can-sağlığı, xoşbəxtlik arzulamaq nişanəsidir.
Bir də var Novruz alqışları: Tanrımızdan diləyirik, qoy bu Novruz xalqımıza bol ruzi, nemət bəxş etsin. Bu Novruz torpaqlarımıza sülh, əminamanlıq gətirsin. Şəhidlərin ruhu şad olsun. Qazilərimizə Allah kömək olsun. Sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan əsgərlərimizi hifz etsin. Qoy bu Novruz həkimlərimizə, polislərimizə, yüksək çinli məmurlarımıza insaf, mürvət bəxş etsin. Qoy hər birimiz dərk edək ki, biz millət olaraq bir ananın övladlarıyıq. Bir-birimizə doğma bacı, qardaş kimi yanaşaq. Milli – üç rəngli, ay ulduzlu, göyçək bayrağımız bir daha enməsin. Qoy bu bayrağın kölgəsi o taylı, bu taylı Azərbaycanımızın hər bir guşəsinə düşsün. Qoy bu Novruzun ruzisi o qədər bol olsun ki, bir tikə çörək üçün qərib ölkələrə üz tutan soydaşlarınız evlərinə, ailələrinə dönsün. Yad ölkələrdə yox, öz vətənində insan kimi çalışıb halal çörəyini qazansın. Qoy bu Novruz hər bir ailəyə sevinc, şadlıq, xoşbəxtlik, səadət gətirsin!Novruz bayramın mübarək Azərbaycan!
Fərman Məhəmməd Əzizli,
Azərbaycan Respublikası Qabaqcıl Maarif Xadimi, Azərbaycan Respublikası Əməkdar müəllimi.

