Qarşılıqlı etimad daha da möhkəmlənir
2026-cı ilin 9-13 fevral tarixlərində İsmayıllı şəhəri ilə qardaşlıq münasibətləri olan Yaponiyanın Şizuoka prefekturasının İto şəhərinin dəvəti əsasında İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Yaponiyada rəsmi səfərdə olub.
Səfər çərçivəsində başçı 11-12 fevral tarixlərində Azərbaycan Respublikasının Yaponiyadakı Səfiri Fərid Talıbovun müşayiəti ilə İto şəhərində olub. Hörmətli qonaq İto şəhərinin meri Kazuya Suqimoto tərəfindən yüksək səviyyədə və səmimi qonaqpərvərliklə qəbul olunub.
Görüş zamanı Azərbaycan Respublikası ilə Yaponiya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri, İsmayıllı rayonu ilə İto şəhəri arasında formalaşmış uzunmüddətli qardaşlaşma əlaqələrinin tarixi, əvvəlki dövrlərdə həyata keçirilmiş birgə layihələr və bu münasibətlərin gələcəkdə daha da dərinləşdirilməsi imkanları ətrafında geniş və ətraflı fikir mübadiləsi aparılıb. Xüsusilə regionlararası əməkdaşlıq çərçivəsində iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.
İsmayıllı rayonu ilə İto şəhəri arasında əməkdaşlığın əsası 2009-cu ildə İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında salınmış “Yapon bağı” layihəsi ilə qoyulmuş, bu təşəbbüs iki region arasında qarşılıqlı etimadın və mədəni yaxınlığın rəmzinə çevrilib. 2013-cü ildə isə İto şəhərində imzalanmış rəsmi sənəd Azərbaycan və Yaponiya regionları arasında ilk rəsmi “qardaşlaşma” sazişi kimi tarixə düşüb.

