2 Fevral – Azərbaycan Gəncləri Günü
Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin elmi-nəzəri və institusional əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış, hazırda isə Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. 2 Fevral – Azərbaycan Gəncləri Günü bu strateji yanaşmanın bariz ifadəsidir.
Ümummilli Lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamına əsasən hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu qərar gənclərin cəmiyyətin və dövlətin inkişafında rolunun yüksək qiymətləndirilməsinin göstəricisi olmaqla yanaşı, Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına çıxarmışdır. Qeyd edilməlidir ki, həmin dövrdə bu cür rəsmi gənclər günü MDB və region ölkələri arasında ilk dəfə məhz Azərbaycanda təsis olunmuşdur.
Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyinin əsas təminatçısı hesab edir, onların fiziki, mənəvi və intellektual inkişafını dövlətin uzunmüddətli strategiyasının tərkib hissəsi kimi müəyyənləşdirirdi. Onun bu fikri gənclər siyasətinin mahiyyətini aydın şəkildə ifadə edir:
“Bizim xalqımızın gələcəyi gənclərdir”.
1993-cü ildən sonra ölkədə gənclərlə iş sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilmiş, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, gənclərin ictimai-siyasi proseslərdə iştirakı genişləndirilmişdir.
1996-cı ildə “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanın imzalanması gənclərin intellektual potensialının inkişafına xüsusi önəm verildiyini göstərmişdir. “Qızıl kitab”ın təsis edilməsi, Prezident təqaüdləri, eləcə də xaricdə təhsil imkanlarının genişləndirilməsi minlərlə gəncin bilik və bacarıqlarının artırılmasına şərait yaratmışdır.
1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin I Forumu ölkədə gənclər hərəkatının inkişafında mühüm mərhələ olmuşdur. Forumda Ulu Öndər gənclərin qarşısında müstəqil dövlətə sədaqət, milli maraqların qorunması və fəal vətəndaş mövqeyinin formalaşdırılması kimi mühüm vəzifələr müəyyən etmişdir. Sonrakı illərdə keçirilən gənclər forumları bu xəttin ardıcıl davamını təmin etmişdir.
Bu gün Ulu Öndərin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər Fondu, “Yüksəliş” müsabiqəsi, könüllülük hərəkatı, gənclərin xaricdə təhsili üzrə dövlət proqramları və digər layihələr gənclərin hərtərəfli inkişafına xidmət edir. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.
Prezident İlham Əliyev gənclərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirərək qeyd etmişdir ki, müasir dövrdə gənclər üçün imkanlar daha genişdir və bu imkanlardan səmərəli istifadə olunmalıdır.
Pərvin Mahmudova,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi

