İtkin şəhid məzarına qovuşdu       

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra nəşinin yeri və kimliyi müəyyən edilən şəhidimiz Feyzullayev Fərman Məhəmməd oğlu ilə vida mərasimi keçirilib.

Mərasimdə Milli Məclisin deputatı Novruzəli Aslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Şəhidin nəşi əvvəlcə doğma evinə, daha sonra İstisu kənd qəbiristanlığına aparılıb. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca yaylım atəşi açılıb.

İzdihamla müşayiət olunan dəfn mərasimində əllərində üçrəngli bayrağımızı dalğalandıran gənclər “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndiriblər.

Çıxış edənlər şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyiblər. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs edərək, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.

Şəhidin ailə üzvləri uzun illər işğal altında qalmış torpaqlarımızın azad olunmasını, Fərman Feyzullayevin nəşinin tapılmasını və onun layiqincə dəfn edilməsini yüksək dəyərləndirərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Mərasimin sonunda şəhidlərimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklillər və gül dəstələri düzülüb. Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı qardaşına təqdim edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir