Vəzifəmiz görülən işlərə, inkişaf siyasətinə dəstək olmaqdır
6 fevral 2026-cı il tarixində 6 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
İcra başçısı çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Qeyd edib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Qarabağ Zəfəri ilə güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirib. Müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması qarşıda dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bölgənin dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin böyük sürətlə davam etdiyini deyən icra başçısı bildirib ki, qarşıdakı dövrdə Böyük Qayıdış Proqramının tam icra olunması, ordumuzun daha da gücləndirilməsi əsas vəzifələr sırasındadır. Prezident İlham Əliyev bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Bizim vəzifəmiz görülən işlərə, inkişaf siyasətinə dəstək olmaqdır.
Daha sonra görüşdə sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.
“İsmayıllı xəbərləri”


