Yubilyarın uzunillik fəaliyyəti yüksək qiymətləndirilib
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının, İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı təhsil sektorunun birgə təşkilatçılığı ilə İsmayıllı şəhərindəki 7 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Abdulov Etibar Ələfsər oğlunun 65 illik yubileyi qeyd olunub.
Tədbir YAP İsmayıllı rayon təşkilatının qərargahında keçirilib. Rayon ictimaiyyət nümayəndələri və təhsil işçilərinin iştirak etdiyi mərasimdə yubilyarın uzunillik pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib.
Çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov və digər natiqlər Etibar müəllimin təhsil sahəsindəki səmərəli fəaliyyətindən, gənc nəslin yetişdirilməsindəki xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, o, müəllim, direktor müavini və direktor kimi çalışdığı bütün illərdə peşəkarlıq və yüksək idarəçilik bacarığı nümayiş etdirib.
Yubiley münasibətilə E.Abdulova YAP İsmayıllı rayon təşkilatının Fəxri fərmanı və digər mükafatlar təqdim edilib. Tədbirin sonunda xatirə şəkli çəkdirən iştirakçılar yubilyara möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
İ.Əhmədli

