Müsbət cəhətlərlə yanaşı, çatışmazlıqlar da aşkar edilib
İsmayıllı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin V siniflərində Azərbaycan dili fənni üzrə monitorinq keçirilib. Monitorinqin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan dili üzrə bilik, bacarıq və vərdişlərinin mövcud vəziyyətini müəyyənləşdirmək, tədrisin səmərəliliyini qiymətləndirmək və gələcək fəaliyyət üçün müvafiq nəticələr çıxarmaqdan ibarət olub.
Monitorinq zamanı şagirdlərin oxuyub-anlama, dil qaydalarından düzgün istifadə, yazı bacarığı, söz ehtiyatı və mətnlə iş üzrə bilikləri yoxlanılıb. Monitorinq üçün tapşırıqlar mövcud tədris proqramına uyğun hazırlanıb, şagirdlərin yaş və səviyyə xüsusiyyətləri nəzərə alınıb.
Yoxlama prosesində ümumilikdə təşkilati qaydalara əməl olunub, monitorinq şəffaf və obyektiv aparılıb. Şagirdlərdə verilən tapşırıqları yerinə yetirməkdə fəallıq müşahidə olunub. Həmçinin bəzi şagirdlərin yazıda orfoqrafik və qrammatik səhvlərə yol verdiyi, mətn üzrə fikri ifadə etməkdə çətinlik çəkdiyi müəyyən edilib.
Nəticələrə əsasən Azərbaycan dili fənninin tədrisində müsbət cəhətlərlə yanaşı, təkmilləşdirilməsinə ehtiyac olan istiqamətlər də aşkar edilib. Çatışmazlıqlar üzrə müəllimlərə metodiki tövsiyələrin verilməsi, əlavə məşğələlərin təşkili və zəif nəticə göstərən şagirdlərlə fərdi işin aparılması məqsədəuyğun hesab olunub.
Sonda nəticələr təhlil edilib, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün ardıcıl işlərin görülməsi barədə tapşırıqlar verilib.
E.Babayev

