Rahat və təhlükəsiz hərəkət təmin olunur
İsmayıllı rayonunun bir sıra kəndlərinin mərkəzi küçəsinə asfaslt örtük çəkilib. Havaların xoş keçməsindən istifadə edən yol işçilərinin növbəti asfaltlaşdırma işi rayonun ucqar kəndlərindən olan Qalacıqda reallaşıb.
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, İsmayıllı rayonu ərazisində də abadlıq və quruculuq işləri davam etdirilir. Rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir, yollar yenilənir və asfaltlanır.
Qalacıq kəndində kənddaxili yola yeni asfalt örtüyü vurulub. Görülən işlər kənd sakinlərinin sevincinə səbəb olmaqla yanaşı, kəndə gələn qonaqların rahat və təhlükəsiz hərəkətini təmin edəcək.
Yolun yenilənməsi Qalacıq kəndinin turizm potensialına da mühüm töhfə verir. Bölgəyə səfər edən turistlərin gediş-gəlişi asanlaşır, kəndin təbii gözəlliklərinə və istirahət imkanlarına çıxış daha komfortlu olur.
Qeyd edək ki, rayonun digər kəndlərində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
“İsmayıllı xəbərləri”

