36- il keçsə də
Bütün respublika ərazisində olduğu kimi, İsmayıllı rayonunda da 20 Yanvar faciəsinin 36-cı ildönümü dərin ehtiramla qeyd olunub.
Rayonunun Şəhidlər xiyabanı ziyarət edilib, Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi hörmət və ehtiramla yad edilib.
Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin foyesində Qanlı Yanvar hadisələrini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidəki rəsmlərdə 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsində tutduğu yer, xalqın iradəsi və sarsılmaz ruhu əksini tapıb.
Tədbirdə tarix müəllimi Ülvi Şamilov çıxış edərək bildirib ki, 20 Yanvar günü Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bir gün kimi hər il qeyd edilir.
Tədbirin bədii hissəsi 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbir İsmayıllı rayon Xalq Teatrı tərəfindən təqdim olunan “Qan yaddaşımızdan – Zəfər zirvəsinə” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Kompozisiyada 20 Yanvar faciəsi xalqımızın yaddaşına qanla yazılmış tarix kimi təqdim olunmaqla yanaşı, həmin faciənin milli oyanışa, azadlıq əzminə və gələcək Zəfərin təməl daşına çevrildiyi bədii vasitələrlə ifadə edilib.
Hadisələrdən 36 il keçsə də səhnə əsərində 20 Yanvarın ağrısı, xalqın sarsılmayan iradəsi, mübarizə ruhu və bu mübarizənin illər sonra Azərbaycanın tarixi Zəfəri ilə nəticələnməsi fəlsəfi və emosional xətt üzrə təqdim olunub. Kompozisiya tamaşaçılara bir daha çatdırıb ki, 20 Yanvar şəhidlərinin axıdılan qanı hədər getməyib, əksinə, müstəqil və qalib Azərbaycanın yolunu işıqlandırıb.


