“Dağ çiçəkləri”

 

 

Düz yolda olaq

 

Hamımız görmüşük şam necə yanır,

Şam necə çığırır kim eşidib, kim?

Əcəb bəxtəvərdi, şam gecə yanır –

İçimdə bir yanğı gün boyu hakim.

 

Sabaha bugündən yol çəkməkdəyəm,

Deyirəm, olmasın döngə, dalanı.

Əzab çəkməyimə qol çəkməliyəm,

Azdırmı, çoxdurmu… Budur olanı.

 

Bəlkə də son dəfə batır gün bu gün,

Hər yatan oyanıb çıxmır səhərə.

Hamının xeyirxah olması mümkün,

Amma öz xeyrini axtarır hərə.

 

Mən uşaq olanda belə deyildi,

Oğullar çıxmazdı ata sözündən.

Dəyişən tarixdi, zamandı, ildi,

Razıdır gördüyüm hər kəs özündən.

 

Günahkar axtarmaq özü günahdır,

Allahı unudub uymuşuq şərə.

Nə var, nə olursa, Haqqa agahdır,

Bu haqqı O verib yəqin bəşərə.

 

Özünü dərk edən yolunu azmaz,

O yol da, bu yol da əbədi deyil.

İlahi, bu ili Sən ömrümə yaz,

Məndən arxadadır ötüb keçən il.

Şahməmməd Dağlaroğlu

 

Ömür ver mənə

 

İlahi, bu bəxtə ümidim itib,

Bu ömrə dözməyə səbir ver mənə,

Bu ətdən, sümükdən heç nə çıxmadı,

Əlləri, qolları dəmir ver mənə.

 

Çoxum heç olmayıb, azım kəsilib,

Süfrəmə çatası ruzim kəsilib,

Keçib “limitini” qazım kəsilib,

Yandır ürəyimi, kömür ver mənə.

 

Mən görə bilmirəm gün işığını,

Gecə ulduzların yaraşığını,

Uzat mənə sarı göy qurşağını,

Quyudan çıxmağa kəndir ver mənə.

 

Dünya bəs eyləmir ağlı kütlərə,

Sələmçi banklarda nəfsi itlərə,

Bu ömrü ödədim kreditlərə,

İnsaf et, bir başqa ömür ver mənə!..

Cəbrayıl Hüseyn

 

Qızlarım

 

Qızlar gününüz mübarək, əziz qız övladlarımız!

 

Gözümün işığı, başımın tacı,

Çiçəkli bahardı, yazdı qızlarım.

Bir dünya sevincdir, bir dünya fərəh,

Köksümdə sədəfli sazdı qızlarım!

 

Gülümsər pöhrədir, yamyaşıl çəmən,

Bənövşə, qızılgül, lalə, yasəmən,

Günəşdən hərarət, aydan nur əmən,

Ömür bağçasında bardı qızlarım!

 

Şirin bir nağıldır, sehrli çıraq,

Sulardan büllurdur, günəşdən parlaq,

Evimdən yeni bir ev doğulacaq,

Qaranquş misallı yazdı qızlarım.

 

Yalınqat kəlmələr bəzən qəlb deşər,

Kimə oğul düşər, kimə qız düşər,

Anayla, qadınla varlıdır bəşər,

Ümmandı, dənizdi, çaydı qızlarım!

 

Xudaya, şükr olsun gözəl payın var,

Qəlbimdən boylanan nəğmədir onlar,

Mənim balalarım qız qardaşdılar,

Ata taleyimi yazdı qızlarım!

Murad Məhərrəm

 

Necə olur bəs darıxmaq…

 

Bəzən elə darıxıram,

Yad oluram öz evimdə.

Üzərimə hücum çəkir,

Öz həyətim, öz evim də.

 

Əllərimlə hördüklərim,

Divarlar üstümə gəlir.

Sütun edib qaldırdığım,

Dirəklər də qəlbə dəyir.

 

Şitil alıb, bağ salmışam,

Meyvəsini dərim, yeyim.

Öz haqqımı danan “bağa”,

Nə yamayım, mən nə deyim?!

 

Bəzən elə darıxıram,

Kor bulağın gözü kimi.

Kül altında mürgüləyən,

Bir ocağın közü kimi.

 

Ürəyimin çırpıntısı,

Qulağımı dəlib, deşir.

Necə olur bəs darıxmaq?

Həsrətindən bağrım bişir!

Rüstəm Məbudoğlu

 

Nə gözəl xəyal qurmuşam

 

Məni sevdiyinə inandır məni,

Bilim ki, yaşamaq həvəsin mənəm.

De ki, mənsiz dardı, dünya başına

Duyum ürəyinəm, nəfəsin mənəm.

 

Sənin baxışında güzgülənim mən,

Keçib gözlərindən baxım qəlbinə.

Günəş işığına, nuruna dönüm,

Dolub damarına, axım qəlbinə.

 

Bir duyğu selində, döyünək, daşaq,

Ruhumuz tanıya kəhkəşanları.

Ataq dərdimizi uçrumdan düşə,

Sevək sevgi ilə barışanları.

 

Bir bahar ilğımı, hərarətiylə,

Bəlkə eşqimizə nəğmələr qoşam.

Səsimə ayıldım, şeir deyirəm

Özümdən nə gözəl xəyal qurmuşam.

Xatın

 

Allahın nəzəri bizimlə olsun

 

Nə qədər əlləşib, vuruşsaqda biz,

Dönəcəyimiz var bir gün həyatdan.

Yalvarıram uca, böyük Allaha,

Çıxartmasın bizi heç zaman yaddan.

 

Versin məhəbbətlə çörəyimizi,

Güldürsun sevgiylə ürəyimizi.

Keçirsin həyata diləyimizi,

Çıxarmasın bizi heç zaman yaddan.

 

Xoşbəxtlik istərəm Allahdan hər gün,

Etməsin qəlbləri dərd ilə üzgün.

Yol açsın bizlərə hər zaman düzgün,

Çıxarmasın bizi heç zaman yaddan.

 

Tanrı sevgisindən düşməyək uzaq,

Yaşayaq həyatda hər an üzüağ.

Versin ruzimizi o qucaq-qucaq,

Çıxartmasın bizi heç zaman yaddan.

 

Düşmənlər bizlərdən kaş uzaq olsun,

Ölüncə qəlbimiz fərəhlə dolsun.

Rəva bilməsin ki, üzümüz solsun,

Çıxartmasın bizi heç zaman yaddan.

Xuraman Baxış

Minnətçiyəm

 

Bu gecə aya minnətçiyəm,

Nurundan bir zərrə yetirsin.

İşıqlansın könül dünyam,

Həsrəti zülmətdə bitirsin.

 

Parlaq ulduzlar müjdəm olsun,

Gözəlləşsin dünyam dünyası.

Qəm-qüssə uzaqlarda qalsın,

Ürəyim bol sevinc götürsün.

 

Göydə qara maviyə dönsün,

Gülüş, təbəssüm üzə qonsun.

Tanrım bir mələk göndərsin ki,

Qəlb evim açarın itirsin.

 

Bu gecə, gündüz xəyalımdı,

Dolanır üzgün məlalımda,

Gözəllik arzu yağışında,

Möhnəti itirib-batırsın.

Mehriban İbrahimova

 

Bir tanış qadın var

 

Bir tanış qadın var, gözlərində qəm,

Həyət  tərs  üzünü   göstərib ona.

Ağlayır, sızlayır, tapılmır həmdəm,

Çəkməkdə bu  yükü  qayğıkeş ana.

 

Bir tanış qadın var, heç gülmür üzü,

Qarışır fikri, gözü qaralır.

Saçına dən düşüb, qırışıb üzü,

Batan günəş kimi rəngi saralır.

 

Bir tanış qadın var, dili dualı,

Əli qabarlıdır, qəlbi yaralı.

Görəni incidir bu miskin halı,

İtirib eşqini, sevdiyi yarı.

 

Bir tanış qadın var,  çöhrəsi solğun,

Sanki saçlarına yağıb qəfil qar..

Canı ağramaqda, baxışı  yorğun.

Cahana sığmayan böyük dərdi var.

İradə Şəfa

 

Bənzəyir

 

Nəvəm Süleyman üçün

 

Arzularım sıralanıb gül açır,

Ev-eşiyim barlı bağa bənzəyir.

Oğul-uşaq başımızı ucaldır,

Bu ucalıq qarlı dağa bənzəyir.

 

On beş yaşa doldu bu il Süleyman,
Bundan böyük fərəh varmı, nənə can?

Gəlinlərim bacı qədər mehriban –

Bu yaşayış bala, yağa bənzəyir.

 

Yamanlıqdan, şər əməldən əlin üz,

Xoşbəxt yaşa, yaşın artıb ola yüz.

Yağış yağıb, yuyulubdu çəmən, düz,

Göy qurşağı zərli tağa bənzəyir.

Şərqiyyə Balacanlı

 

Bu gün elə o gündür

 

Doğum günümə

 

Bu gün elə o gündür,

Gözlərimi qıyıb

Dünyaya baxdığım gün.

Sonra da yırğalana-yırğalana

Dünyaya axdığım gün.

 

Bu gün elə o gündür,

Böyüdükcə

Hər doğum günümdə

Dünyanı yandırıb-yaxdığım gün.

Sanki göylərdə gəzib,

İldırım tək çaxdığım gün.

 

Bu gün elə o gündür,

Amma bir az rəngi solub,

Bir az notları pozulub.

Bir az da kiçilib qısılıb.

Amma neyləmək olar,

Bu gün mənim taleyimə yazılıb.

Nazilə Səfərova

 

Diləyirəm

 

Hansısa dam altını, evi qaranlıq görüb,

Səma altda dayanıb dualar diləyirəm.

Gözü verə yuxuya, deyirəm nola yata,

Yuxusu ərşdəkinə laylalar diləyirəm.

 

Razılıq pay ola narazısına,

Çata nakamlar da hər arzusuna.

Suya həsrət, hava tamarzısına,

Qəlbcə olan havalar diləyirəm.

 

Ürək şişsin, göz niyə dolsun? – deyib,

Al qalmasın üz niyə solsun? -deyib.

Eşitsin həkim, saya salsın deyib,

Xəstələrə şəfalar diləyirəm.

Tamam Nur Tağlabiyanlı

 

 

 

 

Mənim dünyam

 

Mənim dünyam şeir, sənət,

Sənin dünyan – pul dünyası.

Məndə əxlaq, mədəniyyət,

Səndə ağa, qul dünyası.

 

Hərdən sənlə həmfikirəm,

Qafiyə yox, pul gəzirəm.

Allah bilir, nə çəkirəm,

Neyləyim, sözə əsirəm.

 

Sənin olsun dünya varı,

Mənə qalsın mənim dünyam.

İtirməsin etibarı,

Öz nəfsimə qənim dünyam.

Tərlan Saleh

 

Süzəndə yaz

 

Qaranquşlar gələndə  yaz,

Cəh-cəhini görəndə yaz,

Pöhrələri güləndə yaz

Gül-çiçəyi üzəndə yaz.

 

Tellərinə daraq istə,

Ot biçməyə oraq istə,

Su içməyə bulaq istə,

Barışmısan, küsəndə yaz.

 

Çeyran qaçır, yatır düzdə,

Güllü tala gül bənizdə,

Qayıq düzəlt, üz dənizdə,

Sahilində gəzəndə yaz.

 

Yaz küləyi çiskin, çəndə,

Ürək verdin, qaldı məndə,

Gəzək, gülək, çəmənində,

Meh gələndə, əsəndə yaz.

 

Ağac əkək, biz də bağda,

Ya aranda, ya da dağda,

İstəyirsən güllü tağda,

Qələm götür, sinəndə yaz.

 

Birdən yağar, dolu qəfil,

Oturmağa yox bir kətil,

Ürək əsir, əfil-əfil,

Sakitləşsin, süzəndə yaz.

Surə Ziyadqızı

 

 

Qocalar

 

Elin köməyinə çatan bir qoca,

Əlində əsadan kömək diləyir.

Ayaqlar dolaşır, əlləri əsir,

Göz yaşını silib, görmək istəyir.

 

Keçmiş günlərini yada salanda,

Uzağa dikilir nəmli baxışlar.

Hərdən mürgüləyir tənha qalanda,

Dövran ürəyinə çəkir naxışlar.

 

Gələn günlərini tez zaman alır,

Qartal öz ovunu qovduğu kimi.

Gözünün işığı gedir, azalır,

Günəşin qürubda olduğu kimi.

 

Eloğlu, dünyaya körpə gələndə,

Verilir əlinə həyat açarı.

Yaşlanır, qocalır, vaxtı gələndə,

Ruhunu aparır durna qatarı.

Qəhrəman Eloğlu

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir