Ümumdünya statistika günü: Etibarlı məlumat, ədalətli dünya
Hər il oktyabrın 20-si qeyd olunan Statistika Günü, yalnız rəqəmlər və cədvəllərlə bağlı deyil. Bu gün, cəmiyyətlərin inkişafını, iqtisadiyyatın düzgün idarə olunmasını və dövlət siyasətinin əsaslı qurulmasını mümkün edən etibarlı məlumatların gücünü xatırladır. 2025-ci il üçün BMT-nin Statistika Komissiyasının 56-cı sessiyası 4–7 mart tarixlərində keçirilmiş və qərara alınmışdır ki, Ümumdünya Statistika Günü beynəlxalq, milli və regional səviyyədə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında qeyd olunsun. Bu şüar göstərir ki, statistik məlumatlar yalnız riyazi göstəricilər deyil, həm də hər bir fərd və cəmiyyət üçün daha ədalətli, dayanıqlı və proqnozlaşdırıla bilən gələcəyə aparan açardır.
Statistika yalnız hesablardan ibarət deyil; o, qərarların əsasını qoyan, dövlət və cəmiyyət üçün strategiyalar hazırlayan həyati məlumatların mənbəyidir. Müasir dövrdə dövlətlərin inkişaf planları, iqtisadi proqnozları və sosial proqramları statistik məlumatlara əsaslanır. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir: Statistika Komitəsi tərəfindən toplanan və təhlil edilən məlumatlar, ölkəmizin dayanıqlı inkişaf məqsədlərinə çatmasında və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsində həlledici rol oynayır. Bu günün əhəmiyyəti həm də ona görə böyükdür ki, statistik məlumatlar hər kəs üçün əlçatan olmalıdır. Hər kəs üçün keyfiyyətli statistika anlayışı yalnız dövlət qurumlarını deyil, həm də vətəndaşları məlumatlı qərarlar verməyə təşviq edir. İqtisadi göstəricilərdən tutmuş sosial proqramların effektivliyinə qədər hər sahədə statistik məlumatlar inkişafın təməl daşıdır. Ölkəmizdə də bu il Ümumdünya Statistika Günü münasibətilə bir sıra əlamətdar tədbirlər keçirilir. 24–26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu və MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 73-cü iclası təşkil olundu. Forumda 16 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, elmi ictimaiyyət xadimləri və ekspertlər qatıldı. Tədbirdə “Statistik islahatlar və inkişaf perspektivləri”, “Statistikanı dəyişdirən innovasiyalar” və “Milli Hesablar Sistemi 2025” kimi mövzular müzakirə olunub. Forumda Prezident İlham Əliyevin müraciəti səsləndirilib və bu müraciətdə statistikanın dövlət idarəçiliyindəki rolu, qərarvermə proseslərində etibarlı məlumatın əhəmiyyəti xüsusi vurğulanıb. Statistika ölkəmizdə dövlət idarəçiliyinin və strateji qərarların əsas dayaqlarından biri olmuşdur. Ulu Öndər Heydər Əliyevin bu sahəyə xüsusi diqqəti və qayğısı nəticəsində 18 fevral 1994-cü il tarixində “Rəsmi statistika haqqında” Qanun qəbul edilərək Azərbaycan statistikasının inkişafında yeni mərhələnin əsası qoyulmuş, bu qanun dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və etibarlılığın təmin edilməsinə mühüm töhfə vermişdir. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərliyinin statistika sahəsinə olan diqqətinin təcəssümü kimi 6 dövlət proqramı qəbul edilmiş, məlumat toplama və təhlil sistemlərinin müasirləşdirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu proqramlar ölkə üzrə məlumatların beynəlxalq standartlara uyğunlaşdırılmasını, rəqəmsallaşmanı və süni intellektin tətbiqini nəzərdə tutur.
Statistika elmi əsrlər boyu dövlətlərin sosial və iqtisadi idarəçiliyində mühüm alət olmuşdur. Ümumdünya Statistika Gününün qeyd olunduğu illərin bir çoxu Azərbaycanda statistikanın formalaşmasının yubiley illərinə təsadüf edir. Bu isə ölkəmizin beynəlxalq statistik ailənin fəal üzvü olduğunu və statistik idarəçiliyin dövlət səviyyəsində yüksək qiymətləndirildiyini göstərir. Dövlət Statistika Komitəsi tərəfindən bu günün əlamətdar şəkildə qeyd olunması üçün həyata keçirilən uğurlu tədbirlərdən biri də tələbələr və şagirdlər arasında həyata keçirilən statistik olimpiadadır. Gənclərin analitik düşüncəsini inkişaf etdirən bu yarışlar, onların statistikanı yalnız elm kimi deyil, həm də həyatın hər sahəsində tətbiq olunan bir düşüncə tərzi kimi mənimsəməsinə şərait yaradır. Bu gün statistika sisteminin davamlı inkişafı üçün kompleks tədbirlər həyata keçirilməkdədir.
Statistik sistemin gücü onun yerli dayaqlarında – bölgələrdə fəaliyyət göstərən statistika orqanlarında cəmlənir. Məhz bu orqanların fədakar fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi mənzərəsi aydın görünür, hər bir bölgənin inkişaf göstəriciləri dəqiq şəkildə əks olunur. Onlar sadəcə rəqəm toplayan qurumlar deyil, dövlət siyasətinin formalaşmasında, qərarların elmi əsaslarla qəbul olunmasında mühüm rol oynayan etibarlı informasiya mənbəyidirlər. Yerli statistika orqanları ölkəmizin sosial-iqtisadi inkişafının və dayanıqlı planlaşdırmanın əsas dayaqlarından biridir. Hər on ildən bir keçirilən əhali və kənd təsərrüfatı siyahıyaalmaları ölkədə yaşayan hər bir fərdin, ailənin və iqtisadi fəaliyyətin dəqiq şəkildə təhlil edilməsinə imkan verir. Bu siyahıyaalmalar olmadan dövlətin inkişaf strategiyaları, kənd təsərrüfatı proqramları və sosial layihələr üçün etibarlı məlumat toplamaq mümkün olmazdı. Bu il – 2025-ci ildə isə Azərbaycan statistika tarixində mühüm bir hadisə baş verdi. Ölkəmizdə ilk dəfə olaraq kənd təsərrüfatı siyahıyaalması kağız daşıyıcılarla deyil, elektron formada-plansetlər vasitəsilə həyata keçirildi. Bu, yalnız texnoloji yenilik deyil, həm də statistika sahəsində şəffaflığın, operativliyin və dəqiqliyin yeni mərhələyə qədəm qoyması deməkdir. Elektron məlumat toplama üsulu kənd təsərrüfatı sahəsində baş verən proseslərin daha dərindən təhlilinə və resursların səmərəli idarə olunmasına imkan yaratdı.
Artıq müasir dövrdə statistika yalnız rəqəmlərdən ibarət deyil – o, cəmiyyətin inkişafını idarə edən ağılın və düşüncənin simvoludur. Məhz etibarlı statistik məlumatlar dövlətin sosial və iqtisadi siyasətinin uğurlu həyata keçirilməsini təmin edir. O, dövlətin gələcəyini planlaşdırmaq, əhalinin rifahını yüksəltmək və resursları səmərəli idarə etmək üçün ən vacib alətlərdən biridir. Yerli statistika orqanları bu prosesin əsas hərəkətverici qüvvəsidir. Onların topladığı məlumatlar bölgələrin iqtisadi və sosial həyatını əks etdirir, ölkənin ümumi inkişaf xəritəsini formalaşdırır. Beləliklə, statistika – dövlətin sükutdakı səsi, xalqın həyatının güzgüsü, gələcəyin planını yazan görünməz qələmdir.
Əfqan Məmmədov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

