Heyvanların qorunması nə üçün önəmlidir
Bəzi insanlar küçədə yaşayan bir canlı gördükdə bunu edirlər: -“İyrənc! Ona əl vurmayın, çox güman ki, bakteriya mənbəyidir”. Və ona təpik vurur, lağ edir, ona daş atır və gülə-gülə çıxıb gedirlər. Bu heç də xoş deyil.
Özünüzü onların yerinə qoyun. Yaxud sadəcə belə düşünün: küçədə yaşayan bir insan var, üst-başı çirklidir və onun sizin köməyinizə ehtiyacı var. Nə edərdiniz? Onu təpikləyib, onun vəziyyətinə gülərdinizmi?
Xeyr. Heç kim etməzdi. Bəs… Niyə ancaq heyvanlar? Onlar da canlıdırlar. Onlar da diskomfort hiss edə bilirlər. Sadəcə, cəmiyyətdə bəziləri onların kiçikliyindən və şüursuzluğundan istifadə edərək küçə heyvanlarını əzirlər.
Bəli, bəlkə də küçə heyvanları bəzən çirkli, qorxmuş və aqressiv görünə bilər. Amma bu, onların pis və ya dəyərsiz olması demək deyil. Adətən, onlar da bir zamanlar kiminsə qayğısına öyrəşmiş, sığınacaq tapmış canlılar olublar. İnsan laqeydliyi və məsuliyyətsizliyi nəticəsində küçələrə düşüb, indi də orada sağ qalmağa çalışırlar.
Əslində, hər bir küçə heyvanı bir hekayə daşıyır — kiminsə atdığı, kiminsə unutduğu, amma hələ də yaşamaq üçün mübarizə aparan bir can. Onlara qarşı edilən hər bir zorakılıq, bizim cəmiyyət olaraq mərhəmət hissimizi bir az daha öldürür.
Bəzən insanlar düşünürlər ki, “bir heyvana kömək etsəm, nə dəyişəcək ki?”. Amma dəyişəcək. Çünki bir canlıya edilən yaxşılıq, bir insanın içindəki insanlığı oyadır. Cəmiyyət də məhz bu kiçik, lakin dəyərli mərhəmət toxumlarından formalaşır.
Unutmayaq: küçə heyvanlarına sevgi göstərmək yalnız onlara deyil, bizə də xeyirdir. Bu, empati hissimizi gücləndirir, bizi daha anlayışlı, daha ədalətli və daha vicdanlı insanlar edir.
Əgər hər birimiz bir az məsuliyyətli, bir az anlayışlı olsaq, küçələrdə qorxmuş baxışların yerini ümid dolu gözlər alar.
Səma

