Növbəti uğurlu addım
Hər ölkədən 11 nəfər olmaqla Azərbaycanın və Özbəkistanın çağdaş şairlərinin iki dildə çıxan antologiyasının təqdimat mərasimləri keçirilməkdədir. Antologiya “Ədəbi və əbədi körpü” adlanır. Qalın üz qabığı, nəfis tərtibatla hazırlanan 336 səhifəlik kitab “Maarif” nəşriyyatı tərəfindən çap olunub. “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi tərəfindən tərtib olunan antologiya Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti hesabına ərsəyə gəlib. Yeri gəlmişkək, birlik üzvləri və kitabda yazıları yer alan qələm sahibləri Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz minnətdarlıqlarını bildirirlər.
Özbək dilindəki şeirləri Azərbaycan dilinə şair-tərcüməçi Şahməmməd Dağlaroğlu, Azərbaycan dilindəki şeirləri özbək dilinə Şəhla Qasımova tərcümə edib, uyğunlaşdırıb. Kitabın tərtibatçısı Büllur Məmmədovadır.
Kitaba Azərbaycan şairlərindən Maarif Soltanın, İbrahim İlyaslının, Adilə Nəzərin, Əkbər Qoşalının, Mövlud Teymurun, Şahməmməd Dağlaroğlunun, Murad Məhərrəmin, Turac Hilalın, Cəbrayıl Hüseynin, Rüstəm Məbudoğlunun, Mehriban İbrahimovanın, Özbək şairlərindən Abdulla Vəhşin, Münəvvər Osmanovanın, Mənzurə Bəxtiyarın, Sənubər Mehmanın, Nurxan Əlimirzəyevanın, Dilarəm Əbdürəhmanqızının, Gülzirə Şərifovanın, Nurbəy Babanəzərovun, Zilalə Xocaniyazovanın, İlham Nəbinin və Zilaləbanu Xalıqovanın şeirləri və qısa bibloqrafik məlumatları daxil edilib.
Oktyabr ayının 15-də Bakı şəhərində Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində keçirilən kitab təqdimatında təhsil ocağının rəhbərliyi, müəllimlər və tələbələr, həmçinin toplunun tərtibçisi Büllurə Məmmədova, kitabda yaradıcılığına yer verilmiş tanınmış şair İbrahim İlyaslı və layihənin rəhbəri şair Şahməmməd Dağlaroğlu (Soltanov) iştirak edib.
17 oktyabr 2025-ci il tarixdə keçirilən təqdimat tədbiri isə Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutub. Bu tədbir “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri Şahməmməd Soltanov, yazıçı Əli bəy Azəri, ictimai birliyin üzvü Büllur Məmmədova, kollecin bir qrup müəllim və tələbə heyətinin iştirakı ilə keçib.
Şahməmməd Dağlaroğlu çıxış edərək tədbir iştirakçılarına layihənin məqsəd və mahiyyəti, ərsəyə gəlməsi barədə geniş məzmunda məlumat verib, şeirlər səsləndirib və tələbələrin suallarını cavablandırıb. Yazıçı Əli bəy Azəri Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən, onun inkişafından danışıb, hər iki qardaş xalqın tarixi köklərindən, yaxınlığından bəhs edib.
Kitabın işıq üzü görməsi ilə bağlı beş təqdimatın keçirilməsi nəzərdə tutulub.
“İsmayıllı xəbərləri”




