Sizə bir can borcluyam…                  

Bu gün həyatımda heç unutmayacağım bir an yaşadım. Antibiotik iynədən şok vəziyyətinə düşdüm və həyatımın nə qədər kövrək olduğunu, ölümün nə qədər yaxın olduğunu bir dəqiqədə anladım. Nəfəsim bədənimə sığmır, ürəyim sanki kömək üçün səssizcə çağırırdı. O an həyatın nə qədər dəyərli olduğunu bir daha dərk etdim. Hətta bir an düşündüm ki, bəlkə artıq burada yoxam…

Amma o anda mənimlə bir övladları kimi maraqlanan, həyatımı xilas etmək üçün sözün əsl mənasında mübarizə aparan bir komanda vardı. Növbətçi həkimdən tutmuş, tibb bacılarına və texniki heyətə qədər hər kəs mənim yanımda oldu, hər saniyəsi ilə həyatımı qorudu. Hətta ölümlə üz-üzə olduğumu düşündüyüm o anlarda onlar mənim üçün döyüşdülər, məni yaşatdılar.

Gecə isə vəziyyətimi yenidən yoxlamaq üçün xəstəxanaya müraciət etdim. Orada da eyni diqqət, eyni peşəkarlıq və eyni qayğı ilə qarşılandım. Bu anlar mənə bir daha göstərdi ki, həqiqi qəhrəmanlıq bəzən səssiz, amma həyatı xilas edən addımlarda gizlidir.

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru həkim Vidadi Rehimova, 18 oktyabr 2025-ci il tarixində acil şöbəsinin bütün həkimlərinə, tibb bacılarına və texniki heyətə dərin minnətdarlığımı bildirirəm. Sizin fədakarlığınız, insanlığınız və peşəkarlığınız sayəsində bu gün buradayam və ölməmişəm. Sözün həqiqi mənasında sizə bir can borcluyam.

Belə bir tibbi kollektivin İsmayıllıda fəaliyyət göstərməsi həm bizim, həm də gələcək nəsillər üçün böyük bir şansdır. Siz həm peşəkarlığın, həm də insanlığın ən parlaq nümunəsisiniz.

Həyatın nə qədər qiymətli olduğunu bir daha anladım. Və bir daha təsdiqlədim ki, əsl qəhrəmanlar ağ xalat içində, səssiz, amma həyatımızı qoruyanlardır.

Kərim Boyaqçızadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir