Həmyerlimiz Nadir Adilov seçkidə qələbə qazanıb  

 

Sentyabr ayının 8-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi, sosial və mədəni hüquqlar komitəsinin 78-ci sessiyası Cenevrə şəhərində öz işinə başlayıb.

Xəbər verildiyi kimi, komitənin prosedur qaydalarına əsasən, hər iki ildən bir rəhbər vəzifələr üzrə seçkilər keçirilir.

Sessiya çərçivəsində Azərbaycan nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov, Mərkəzi və Şərqi Avropa regionunu təmsil edən üzv kimi komitənin sədr müavini vəzifəsinə seçilib. Bu təyinatla Azərbaycan ilk dəfə olaraq komitənin rəhbər strukturlarında təmsil olunmaq hüququ əldə edib. Komitənin yeni rəhbər heyəti aşağıdakı kimi formalaşıb:

  • Sədr – Preeti Saran (Hindistan – Asiya və Sakit Okean regionu)
  • Sədr müavinləri – Nadir Adilov (Azərbaycan – Mərkəzi və Şərqi Avropa), Giuseppe Palmisano (İtaliya – Qərbi Avropa və digər ölkələr), Aşraf Çayna (Mavritaniya – Afrika regionu)

Qeyd edək ki, 18 üzvdən ibarət olan komitəyə Azərbaycan nümayəndəsi Nadir Adilov ilk dəfə 2021–2024-cü illər üzrə seçilib, daha sonra 2025–2028-ci illər üçün yenidən BMT-nin İqtisadi və sosial şurasının (ECOSOC) iclasında komitə üzvlüyünə təsdiqlənib. O, eyni zamanda Mediasiya Şurasının İdarə Heyətinin sədri, Türk Dünyası Mediatorlar Birliyinin sədr müavinidir.

1985-ci ildə təsis edilmiş BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar komitəsi, 1966-cı il Beynəlxalq Paktın (ICESCR) müddəalarının icrasına nəzarət edən əsas müqavilə orqanıdır. Komitə üzv dövlətlərin sosial hüquqlar sahəsindəki öhdəliklərinin yerinə yetirilməsini qiymətləndirir və bu sahədə beynəlxalq standartların tətbiqinə töhfə verir.

Komitə BMT-nin İqtisadi və sosial şurası ilə sıx əməkdaşlıq edərək, konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət mexanizmini gücləndirir.

Birləşmiş Millətlər Təşkilatında Mərkəzi və Şərqi Avropa regionunu təmsil edən üzv kimi komitənin sədr müavini vəzifəsinə seçilmiş həmyerlimiz Nadir Adilovu seçkidə qələbə qazanması münasibəti ilə təbrik edir, ona yeni-yeni uğurlar əldə etməyi arzulayırıq.

AZƏRTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir