Yeni nəşrlər:
“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvləri Murad Məhərrəmin “Tənhadır bu dəniz” və Qəhrəman Eloğlunun “Zərurət və həqiqət” adlı kitabları işıq üzü görüb.
“Tənhadır bu dəniz” kitabı Murad Məhərrəmin (Məhərrəmov Murad Allahverən oğlu) sayca üçüncü kitabıdır. Kitaba onun son illərdə yazdığı şeir və poemaları daxil edilmişdir. Oxuculara təqdim olunan bu kitaba vətənpərvərlik, təbiətin ecazkar gözəlliklərinin bədii təsviri, saf və təmiz məhəbbətin tərənnümü, dövlət və dövlətçiliyimizi özündə ehtiva edən, 44 günlük Vətən müharibəsinə, şəhid və qazilərimizə həsr olunmuş şeirlər toplanmışdır. Şairin kitabda verilmiş poemaları məzmun və ideya baxımından maraq doğurur, ictimai xarakter, tərbiyəvi əhəmiyyət daşıyır.
Ədəbi aləmə asta addımlarla gələn, özünü sözü, qələmi ilə tanıdan yazarlarımızdan olan Murad Məhərrəm Azərbaycan Yazıçılar Birliyində öz halal yerini tutmuş şairlərdəndir.
“Tənhadır bu dəniz” kitabında yer almış qələm nümunələri əslində müəllifin kimliyindən, onun Vətən sevgisindən, hallallıqdan, sədaqətdən, saf məhəbbətdən söz açır.
Bu kitabı oxuyan hər kəs sanki Murad müəllimlə çoxdan dost, tanış, doğma olduğunu hiss edəcək və ona bu yolda yeni uğurlar arzulayacaqdır.
***
Qəhrəman Eloğlunun “Zərurət və həqiqət” adlı kitabı da müəllifin oxucularla üçüncü görüşüdür.
Əvvəlki iki kitabda olduğu kimi, bu kitabda da qələmə alınmış yazılar halallıq, mərdlik. ədalət və zəhmətkeşlikdən bəhs edən ağsaqqal bir yazarın məhz özünün bu keyfiyyətlərə sahib olmasından xəbər verir.
Müəllifin yaşı 70-i haqlamış el ağsaqqalı olmasından şeirlərində nəsihətamiz ifadə və fikirlər geniş yer tutub. Bu kitabda zərurət və həqiqətdən doğan çoxsaylı həyati hadisələr poetik ifadələrlə əks olunub.
Q.Eloğlu bədii yaradıcılığa gec başlasa da, qəlbən yaradıcı sənətkardır. O, el arasında ağac üzərində oyma işi görmək sahəsində mükəmməl, tanınmış ustalardan biridir. Hətta onu heykəltaraş kimi də tanıyanlar var.
Q.Eloğlunun yazı nümunələri bir sıra ünlü almanaxlarda yer alıb. Ağsaqqal yazar “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin və “Dağ çiçəkləri” ədəbi məclisinin fəal üzvlərindəndir.
Müəllifi yeni kitabının çapı münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
“İsmayıllı xəbərləri”


