Tovuz döyüşləri qəhrəmanlıq salnaməmizin parlaq səhifəsidir
2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlərdə Azərbaycan Ordusu bir daha düşmənə və onların havadarlarına göstərdi ki, torpaqlarımıza uzanan hər əl qırılacaq, heç bir təxribat cavabsız qalmayacaq!
Döyüşlər zamanı şəhid olan qəhrəmanlarımız general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər igid Vətən övladları öz canları bahasına Azərbaycanın gücünü, xalqımızın əyilməz iradəsini bütün dünyaya nümayiş etdirdilər.
Həmin günün qəhrəmanları sırasında şəhidlik zirvəsinə ucalanlardan biri həmyerlimiz – Xəyyam oldu.
Xəyyam Məhəmməd oğlu Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olmuşdu.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olanlardan biri idi.
Xəyyam Daşdəmirov Bakı şəhəri Binəqədi Rayonu Biləcəri qəsəbəsində yaşayıb, 314 nömrəli tam orta məktəbdə oxuyub. 18 yaşı var idi.
Kənd sakinlərinin, tanıyanların sözlərinə görə, idmana böyük maraq göstərən Xəyyam çox mehriban və vətənpərvər gənc olub. X.Daşdəmirov 2020-ci ildə mayın 8-də hərbi xidmətə çağırılmışdı.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Tovuz döyüşləri sərhəd bölgəsinin müdafiəsi, həm də gələcək Zəfərin, 44 günlük Vətən müharibəsinin başlanğıc çağırışı idi.
Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Bu qələbənin təməlində Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin dəmir iradəsi, şəhidlərimizin qanı, ordumuzun gücü, xalqımızın birliyi dayanır.
Əziz qəhrəmanlarımızı qürur və ehtiramla anır, ruhları qarşısında baş əyirik.


