Ağsaqqallara hər zaman böyük ehtiyac var
May ayının 13-də İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.
Yığıncaqda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili, Respublika Ağsaqallar Şurasının sədr müavini Eldar İbrahimov və millət vəkili Novruzəli Aslanov, idarə, müəssisə rəhbərləri və rayon ağsaqqallarının bir qrupu iştirak edib.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs olunub, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycanda ağsaqqallara ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi qayğının bütün təzahürləri bu gün Prezident cənab İham Əliyevin siyasətində özünü aydın şəkildə göstərir.
Respublikanın hər yerində olduğu kimi İsmayıllıda da Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə rayon ağsaqqallarının dəvət olunması onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.