Heydər Əliyev və suveren Azərbaycan 

 

Azərbaycanın dövlət müstəqilliyi və onun möhkəmləndirilməsi tarixi şəxsiyyətlərin fəaliyyəti ilə sıx bağlıdır. Tarix yazan şəxsiyyəti tarix, zaman özü yetişdirir. Hansı dövrdə, hansı ictimai-siyasi məsələlərin, quruluşun yaranmasında qarşıya çıxan çətinliklərindən, ağrı-acısından asılı olmayaraq xalqın, dövlətin mənafeyini hər şeydən, hətta varlığından üstün tutan yaradıcı, böyük şəxsiyyət, öz dühası ilə dünyanı heyrətə gətirən, Azərbaycanın nicatı və xalq birliyinin simvolu olan şəxsiyyət. Sözsüz ki, bu şəxsiyyətlərdən ən önəmlisi  və təsir gücü ən böyük olanı Ulu Öndər Heydər Əliyevdir. XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycanın dövlətçilik  ənənələrinin möhkəmlənməsi, ölkənin beynəlxalq aləmdə tanınması və milli suverenliyinin qorunması məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

1991-ci ildə Sovet İttifaqının süqutu ilə Azərbaycanı müstəqilliyə aparan tarixi şərait yetişdi, Azərbaycan xalqı uzun illər arzuladığı azadlığına qovuşdu. Lakin müstəqilliyinin  ilk illərində ölkədə daxili siyasi çəkişmələr, iqtisadi tənəzzül və Dağlıq Qarabağ münaqişəsi kimi ciddi problemlər hökm sürürdü. Belə bir mürəkkəb dövrdə dövlətçiliyin itirilməsi, Azərbaycanın bir dövlət kimi yox olmaq, dünya xəritəsindən silinmək  təhlükəsi yaranmışdı. Dövlətin, dövlətçiliyin varlığı üçün Heydər Əliyev kimi  yüksək idarəçilik qabiliyyətinə, dövlətçilik təcrübəsinə, siyasi bacarığa, geniş dünyagörüşünə və zəruri qabiliyyətə malik bir şəxsiyyətin xalqa rəhbərlik etməsinə ehtiyac var idi. Belə çıxılmaz vəziyyətdən Azərbaycanı Heydər Əliyev xilas edə bilərdi.

1993-cü ilin iyun ayının 9-da xalqın təkidli tələbi ilə  Heydər Əliyev  hakimiyyətə qayıtdı. Onun gəlişi və hakimiyyətə qayıdışı  ilə Azərbaycanın xilası və  ölkədə siyasi sabitlik bərpa olunmağa başladı. Ulu Öndər müdrik diplomatiyası, güclü idarəetmə təcrübəsi və xalqı birləşdirən siyasəti ilə Azərbaycanı parçalanmaqdan və dövlətçiliyin məhv olmasından xilas etdi. Heydər Əliyev bu barədə deyirdi: ”Azərbaycan xalqı məni yenidən hakimiyyətə gətirərkən onların qarşısında yalnız bir məqsəd qoydum: Azərbaycanı parçalanmaqdan xilas etmək, müstəqilliyini qorumaq və əbədi etmək.”

Heydər Əliyev ilk növbədə dövlət quruculuğunu  əsas prioritet seçdi. Suverenliyin möhkəmləndirilməsi istiqamətində vacib addımlar atıldı.  1995-ci ildə qəbul olunan Konstitusiya Azərbaycanın hüquqi-siyasi əsaslarının möhkəmlənməsində mühüm rol oynadı. Ordunun yenidən formalaşdırılması, hüquq-mühafizə orqanlarının gücləndirilməsi, iqtisadi islahatların həyata keçirilməsi, ”Əsrin müqaviləsi”nin imzalanması kimi addımlar ölkənin müstəqil və suveren dövlət kimi inkişafına zəmin yaratdı. Ulu Öndərin dediyi kimi: ”Müstəqil dövlətin ən vacib dayağı onun qanunları, ordusu və vətəndaş həmrəyliyidir. Heydər Əliyev “Əsrin   müqaviləsi” barədə bildirmişdir: ”Azərbaycanın yeraltı sərvətləri xalqımızın rifahı, dövlətimizin qüdrəti üçün işləməlidir.”

Heydər Əliyev Azərbaycanın xarici siyasət və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsini  balanslaşdırılmış şəkildə qurdu. Dünya dövlətləri ilə dostluq münasibətlərinin qurulması, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı kimi  beynəlxalq təşkilatlara üzvlük Azərbaycanın suverenliyinin tanınmasını və möhkəmlənməsini təmin etdi. Ulu  Öndər  deyirdi: ”Azərbaycanın bayrağı hər yerdə ucalmalıdır. Azərbaycan dünyanın bütün ölkələri ilə dostluq etməlidir.” Ən əsası, Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində həyata keçirilən layihələr (Bakı-Tbilisi-Ceyhan neft kəməri və sair) ölkənin geosiyasi əhəmiyyətini artırdı.

Bu gün biz müasir tariximizin ən şanlı səhifələrindən birini – Ulu Öndər Heydər Əliyevin suveren Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərini xatırlayırıq. Ulu Öndər yalnız öz dövrü üçün deyil, gələcək nəsillər üçün də möhkəm dövlətçilik  təməlləri qoydu. Onun siyasi kursu bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Heydər Əliyev siyasətinə sadiq qalaraq, öz suverenliyini qorumaqda və inkişaf etdirməkdə davam edir. Ölkəmiz daha uca, yeni zirvələrə ucalır. Vaxtı ilə əlçatmaz görünən, xəyallarda qurula biləcək bir sıra transmilli enerji və nəqliyyat layihələri uğurla reallaşdırılıb. Azərbaycanın iqtisadi müstəqilliyinin  təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanaraq beynəlxalq münasibətlər sistemində yerini və rolunu  daha da gücləndirir. Ən əsası Ulu Öndərin ən böyük arzusu – torpaqlarımızın işğaldan azad olunması missiyasını cənab Prezident İlham Əliyev layiqincə yerinə yetirmiş və yetirməkdədir.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci il ölkədə “Konstitusiya və suverenlik ili” elan edilmişdir. Bu qərar, Azərbaycanın ərazi bütövlüyünün  və suverenliyinin tam bərpa olunması, həmçinin Konstitusiyanın qəbul edilməsinin    30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünə təsadüf etməsi ilə əlaqədardır. Sərəncamda qeyd olunur ki, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində əldə olunan tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu hadisələrdən sonra, Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad olunmuş bütün ərazilərdə bərqərar olmuşdur.

Ümummilli liderin öz fikri ilə desək: ”Biz müstəqilliyi əldə etmişik. Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir. İndi əsas məsələ onu qorumaq, möhkəmləndirmək və əbədi etməkdir. Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir, sarsılmazdır”. Heydər Əliyev suveren Azərbaycanın qurucusudur. Onun xidmətləri nəticəsində Azərbaycan dünya siyasi xəritəsində öz layiqli yerini tutdu.  Heydər Əliyevin adı bu gün də, sabah da müstəqil və güclü Azərbaycanın simvolu kimi anılır və anılacaq.

Novruz Əsədov,

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Şərh Yaz