Ölməzlik qazanan soydaşlarımızdan biri…

 

Məktəbimiz onun adını daşıyır – Eldar Məmmədov 6 aprel 1966-cı ildə İsmayıllı şəhərində anadan olub. 1983-cü ildə 3 nömrəli orta məktəbi bitirib. 1987-ci ildə Rusiya Federasiyasının Kamışin şəhərində Ali Hərbi İnşaat Komandirləri Məktəbini bitirib.

Leytenant rütbəsi aldıqdan sonra keçmiş Sovet Ordusunun müxtəlif hissələrində qulluq edib.

1992-ci ildə Azərbaycanda yeni yaradılan Milli Orduda xidmət etmək üçün vətəninə qayıdanda o, artıq  baş leytenant hərbi rütbəsini daşıyırdı.

Eldarı “N” saylı hərbi hissəsinin qərərgah rəisi vəzifəsinə təyin etmişdilər. Hissənin bölmələri Laçın, Kəlbəcər, Murovdağ, Füzuli, Tərtər istiqamətlərində erməni qoşun hissələrinə qarşı bir sıra müvəffəqiyyətli hücum və müdafiə əməliyyatları aparmışdı.

Təzəcə tabor komandiri vəzifəsinə keçirilmişdi. 1994-cu il aprelin 30-da gedən qanlı döyüşdə Eldar Məmmədov qəhrəmancasına şəhid oldu.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə o, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

Elə o vaxtdan İsmayıllı şəhər 3 nömrəli orta məktəbinə, indiki məktəb-liseyə Eldar Məmmədovun adı verilmişdir.

Ruhun şad olsun, cənab kapitan! Qanın yerdə qalmadı. Məktəbin səndən nümunə götürmüş neçə-neçə məzunu  torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənə qan uddurdu, şəhidlik zirvəsinə ucaldı, adını şanlı tariximizə şərəflə yazdı.

Onlar bir vaxt şərəfinə qurulmuş xatirə kompleksində indi səninlə bir sırada dururlar. Bu məkan bizim əbədi and yerimiz, ziyarətgahımızdır.

Əbədiyyətə qovuşan, ölməzlik qazanan soydaşlarımız, Allah Sizə rəhmət eləsin. Uğrunda can verdiyiniz torpaqlar artıq azaddır!

Səma Mehdiyeva,

məktəb-liseyin şagirdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir